Azərbaycanlı bəstəkarın əsəri ABŞ-dakı müsabiqənin finalında

7 Noyabr 2012 12:25 (UTC+04:00)
Gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin əsəri ABŞ-ın Masaçusets ştatının Boston şəhərində keçirilən bəstəkarların ənənəvi 30-cu Beynəlxalq "ALEA III" müsabiqəsinin finalında uğurla səsləndirilib.

Bu barədə AzNews.az-a məlumat verən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu T.Qasımzadə bildirib ki, final konsertində amerikalı musiqisevərlərə "Qurama" əsərini təqdim edib.

ABŞ-ın məşhur universitetlərindən professorların, mədəniyyət xadimlərinin daxil olduqları münsiflər heyəti festivalda həmyerlimizin çıxışını yüksək qiymətləndirib. Finalda iştirak üçün 200 müraciətdən yalnız Azərbaycan da daxil olmaqla 6 ölkə - ABŞ, Meksika, İspaniya, Yunanıstan, Polşa finalda iştiraka vəsiqə qazanıb.

Final mərasiminə vəsiqə qazanmış bəstəkarların əsərlərini dünyaca məşhur dirijor Teodor Antonionun rəhbərlik etdiyi ansambl səsləndirib. Dünyanın musiqi yarışmalarından hesab olunan "ALEA III" 1980-ci ildən keçirilir.

T.Qasımzadənin geniş ansambl üçün yazılmış və Azərbaycan rəssamları Məzahir və Lalə Avşarlara həsr olunan "Qurama" əsəri ABŞ-ın Ayova ştatının memorial zalında dirijor Bert van Herkin rəhbərliyi ilə Ayova Universitetinin müasir musiqi ansamblı tərəfindən də ifa olunub.

Türkər Qasımzadə 2011-ci ildə Manhetten Musiqi Akademiyasında magistr dərəcəsi alıb. Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilmiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.

İlkin Pirəli
AzNews.az