Bakıda kirayə mənzillər boşalır

17 Fevral 2016 13:48 (UTC+04:00)

Devalvasiyadan sonra kirayə haqlarını verə bilməyən insanlar mənzilləri tərk etməyə başlayıblar. Bu isə kirayə mənzil bazarında qiymətlərin aşağı düşməsinə təsir edib.

Bu vəziyyətdən ən çox narazı qalanlar və zərər çəkənlər həm ev sahibləri, həm də "makler"lərdir. Onların sözlərinə görə, əgər əvvəllər ay ərzində 15-18 evin kirayə verilməsində iştirak edirdilərsə, indiki vəziyyətdə bu rəqəm 3-4 dəfə aşağı düşüb.

Səbail rayonu ərazisində evlərin alğı-satqısı və kirayəsi ofisi olan Vüsal Kərimov deyir ki, qiymətlərin hiss olunacaq qədər aşağı düşməsinə baxmayaraq əhalinin kirayə evlərə marağı azalıb:

"Bazarı canlandırmaq üçün məcbur olub qiymətləri aşağı salmışıq. Məsələn, 200 manata evini kirayə vermək istəyən vətəndaşa onun bu mənzilini yalnız 150 manata icarəyə verə biləcəyimizi deyirik ki, bu bazarda bir az canlanma yaransın. Ancaq bunun da bazara köməyi olmayıb. Məsələn, əvvəllər 1 otaqlı mənzili bizim ərazidə 200-220 manata icarəyə verirdiksə, hazırda bu məbləğ 150-170 manat arasında dəyişir".

"Makler" deyir ki, son vaxtlar daha çox şərikli mənzil götürənlər çoxalıb: "Əvvəllər iki qardaş, yaxud yaxın qohumlar icarəyə ev götürmək istəyəndə daha çox ayrı-ayrı mənzil götürməyə üstünlük verirdilər. Hər mənzil üçün təxminən 200 manat ödəyən ailələr hazırda birlikdə yaşamaq üçün 250-270 manat ödəyərək 2 və ya 3 otaqlı mənzil götürürlər ki, xərclərdən müəyyən qədər azad olsunlar".

Kirayə mənzil bazarında müşahidə apardığımız zaman qarşılaşdığımız situasiyadan belə qənaətə gəlmək olar ki, hazırda vətəndaşlar şəhərin mərkəz hissələrindən və bina evlərindən daha çox həyət evlərinə üstünlük verirlər. Buna səbəb isə heç şübhəsiz ki, qiymət amilidir.

Rayonlardan birindən paytaxta işləməyə gələn Nicat Kazımov deyir ki, şəhərin mərkəz hissəsindən və bina evlərindən ev götürməyə maddi vəziyyəti imkan vermir: "Hazırda daha çox mərkəzdən kənar ərazilərdə olan həyət evlərinə baxıram. Kənarda isə 2 otaqlı bina evləri müvafiq olaraq Nizami rayonu ərazisində təxminən 230-250 manata, Yasamal rayonu ərazisində 250-270 manata təklif edilir. Düzdür, bu qiymət əvvəlki illərlə müqayisədə müəyyən qədər ucuzdur. Ancaq yenə də sərf etmir".

Hazırda paytaxt ərazisində mərkəzdən kənara doğru 2 otaqlı, orta təmirli həyət və bina evlərinin təqribi qiymətləri aşağıdakı kimidir:



Konsaltinq şirkətlərdən birinin baş direktoru Nüsrət İbrahimov deyir ki, bazarda yaranan bu durğunluq yaxın aylarda aradan qalxacaq və kirayə mənzil bazarı yenidən canlanacaq: "Bazarda mənzillərin kirayə qiymətlərinin düşməsi xüsusən şəhər mərkəzində olan evlərdə daha çox hiss edilir. Bu ucuzlaşma təxminən 20-35% arasında dəyişir. Məsələn, əvvəllər mərkəzdə 1300 manata təklif edilən evlər hazırda 800-850 manata, 800 manata verilən ev hazırda 500-550 manata təklif edilir. Ancaq ikinci zona sayılan şəhərdən nisbətən kənar sayılan ərazilərdə bu qiymət o qədər də hiss edilmir. Çünki həmin ərazilərdəki mənzillərin qiymətləri baha deyil".

Nüsrət İbrahimov qiymətlərin düşməsinin əsas səbəbləri sırasında əhalinin gəlirinin azalmasını və hazırda şəhərdə iş adamlarının sayının az olmasını göstərir: "Bu aylar tikinti bazarının canlanması üçün qeyri-mövsümi aylardır. Ola bilər ki, qarşıdakı aylarda tikinti sektorunda işlər yenidən başlayacaq və bu zaman da kirayə mənzil bazarı da canlanacaq. Çünki şəhərə işçi və iş adamı axınının baş verməsi bazara canlılıq gətirir və əhalinin gəliri artır".

Türkiyədə də son vaxtlar bu bazarda durğunluq yaşanır. İzmir vilayətində yaşayan Elnur Abdurrahmanlı deyir ki, hazırda kirayədə qaldığı mənzilin sahibinə əvvəllər kommunal xidmətlərin xərclərini çıxmaq şərtilə 740 türk lirəsi (393 AZN) ödəyib. Daha sonra isə maddi imkanı aşağı düşdüyü üçün evdə qala bilməyəcəyini deyib. Bunu görən ev sahibi və "makler" yeni bir müqavilə hazırlayıb və E. Abdurrahmanlı bütün kommunal xidmətlərin xərclərindən azad edilməklə yanaşı, onun icarə haqqına güzəşt də edilib.

anspress.com