Neft kəskin bahalaşacaq - Gizli danışıqlar başladı, “Nəhəng saziş” imzalana bilər

17 Fevral 2016 14:07 (UTC+04:00)


Belə bir məqamda Rusiya və OPEC-in neft hasilatını dondurmaqla bağlı razılığa gəldiyi barədə məlumatlar yayılıb. Məlumatlar rəsmən təsdiqlənib.

AzNews.az xəbər verir ki, bu razılaşmadan sonra "Bloomberg" agentliyi maraqlı təhlillə çıxış edib. Agentlik iddia edir ki, neft ölkələri hasilatı dondurmaqla bağlı "Nəhəng saziş" imzalamaq uğrunda danışıqlar aparır və belə olduğu təqdirdə neftin qiymətinin kəskin bahalaşacağını ehtimal edirlər.

Məlumata görə, bir ildən artıqdır ki, neft diplomatları "səhnə arxası"nda neft hasilatının və nəticədə neftin qiymətinin səviyyəsinin stabilləşdirilməsi barədə razılığa gəlməyə çalışırmışlar. Lakin bir problem olub: emissarlar neft istehsal edən ölkələr birliyi çərçivəsindən kənara çıxmalı və digər istehsalçılarla razılaşmalı idilər.

Yazıda 1999-cu il razılaşmasını xatırladan "gizli qlobal razılaşma"nın təfərrüatları yer alıb.

Agentlik qeyd edir ki, son 8 ayda ilk dəfə neft hasilatında lider hesab olunan 4 ölkə - Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela hasilatı 2016-cı ilin yanvarına olan səviyyədə dondurmaq barədə qərar qəbul ediblər.

"Bu isə uzun müddətdir davam edən "gizli danışıqlar"ın layiqli yekunu oldu. İndi neft diplomatlarının qarşısında daha çətin vəzifə dayanır: digər ölkələri bazarda pay uğrunda müharibədən imtina etməyin və hasilatın dondurulması barədə sazişə qoşulmağın vacibliyinə inandırmaq. Lakin razılaşmaya gedən yolda başlıca maneə İran ola bilər. Üzərindən bir müddət öncə sanksiyalar götürülən İslam dövləti neft bazarına genişmiqyaslı qayıdışa hələ təzə başlayır. İran sanksiyaların davam etdiyi illər ərzində bazarda itirdiyi payı geri qaytarmaq istəyir. Bu səbəbdən sözügedən ölkənin razılaşma ilə bağlı qərara mənfi cavab verəcəyi istisna olunmur" – deyə, təhlildə vurğulanıb.

Agentliyin qənaətincə, hasilatın səviyyəsinin dondurulmasına ümumi can atma neft ölkələrini "nəhəng sövdələşmə"yə yaxınlaşdırır. Yeni saziş OPEC-in 1999-cu il qərarını çox xatırladır. Həmin vaxt ölkələr neft hasilatının həcmini azaltmaqla neft barelinin qiymətinin 140 dollara qədər yüksəlməsinə nail olmuşdular. "Nəhəng sövdələşmə" bu dəfə də baş tutarsa neftin qiymətinin kəskin yüksələcəyi ehtimal olunur.

Xatırladaq ki, bir müddət öncə Əlcəzair, Nigeriya, Ekvador və Oman da neft hasilatının dondurulmasını dəstəkləyib. Həmçinin İran və Küveytin də dondurmanı dəstəkləməyə hazır olduğu barədə xəbərlər yayılıb.

Aydan AXUNDOVA