Yollarda təhlükəsizlik mövzusunda müsabiqə elan edildi - 600 manat qazanmaq imkanı

17 Fevral 2016 14:38 (UTC+04:00)


AzNews.az xəbər verir ki, "Yollarda təhlükəsizlik və parklama" mövzusunda keçirilən müsabiqə jurnalistlər üçün nəzərdə tutulub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin də dəstək verdiyi müsabiqədə KİV nümayəndələri qanunsuz parklama, yollarda üzləşdiyimiz gündəlik problemlər, onların həlli yolları və yollarda təhlükəsizliyin təmini mövzusunda araşdırmaları, reportajları ilə qatıla bilərlər.

Təqdim olunan yazılarda müəlliflər yol hərəkətinin bütün iştirakçılarının daima üzləşdikləri aktual problemlərə toxunmalı, bu təhlükəsizliyin təmini məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər barədə mühüm məqamları əks etdirməlidir. Həm Azərbaycan, həm də rus dilində qəbul olunacaq məqalə səlis və anlaşılan dildə yazılmalıdır. Məqalənin həcmi ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb.
Müsabiqəyə təqdim olunmuş bütün məqalələr "Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatı tərəfindən yaradılmış www.noparking.az informasiya portalında dərc olunacaq. Müsabiqəyə qatılmağı arzu edən şəxslər məqaləni, öz foto və əlaqə nömrələrini ig3205720@gmail.com elektron ünvanına göndərə bilərlər.
Müsabiqəyə məqalələr bu gündən (17 fefral) qəbul olunur və 16 mart 2016-cı ildə başa çatır.

Müsabiqənin qalibləri üçün nəzərdə tutulmuş mükafatlar: 1-ci yer 600 manat (bir yer), 2-ci yer 400 manat (bir yer), 3-cü yer 200 manat (bir yer).

Qaliblərin mükafatlandırılması mərasimi 18 mart, 2016-cı ildə Beynəlxlaq Mətbuat Mərkəzində keçiriləcək.

Zəruri qeyd:

Yol qəzalarının sayının artmasının əsas səbəblərindən biri cəmiyyətdə hökm sürən mənəvi-psixoloji durumun lazımi səviyyədə olmamasıdır. Məhz bu səbəbdən paytaxt küçələrində sürücülük mədəniyyəti olduqca aşağı səviyyədədir. Bu gün yollarda qarşılaşdığımız tıxac, qanunsuz parklama, sürət həddini aşma kimi problemlər həm cəmiyyət, həm də kütləvi informasiya vasitələri üçün aktual mövzuya çevrilib. Müsabiqənin məqsədi də sözügedən mövzunu ictimaiyyətin müzakirəsinə çıxarmaq, problemə daha geniş oxucu auditoriyasının diqqətini yönəltməkdən ibarətdir.
"Qanunsuz Parklamalara Qarşı Mübarizə" İctimai Hərəkatı məqsədi nəqliyyat vasitələrinin idarəsi və sürücülük mədəniyyətinin yüksəldilməsi istiqamətində maarifləndirmə aparmaq, həmçinin ictimaiyyəti yollarda yaşanan problemlər və tətbiq edilən yeniliklər barədə məlumatlandırmaqdan ibarətdir.