“Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə...“ - Prezident

18 Fevral 2016 00:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində ictimaiyyətinin nümayəndələri və din xadimləri ilə görüşündə deyib.

İlham Əliyev xatırladıb ki, bu il Azərbaycanda "Multikulturalizm ili" elan edilib: "Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Keçən il Azərbaycanda Avropa Oyunları keçirilib, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu, sadəcə olaraq İslam və Avropa ölkələri idmançılarının yarışı deyil, bu, bizim ümumi, ümumbəşəri dəyərlərə verdiyimiz töhfədir. Biz öz məsuliyyətimizi belə qəbul edirik, belə başa düşürük. Biz bu məsuliyyəti ilk növbədə, dövlətimizin, xalqımızın mənafeyi, digər tərəfdən bölgədə sabitliyin bərpası üçün daşıyacağıq. Çünki əgər bölgədə sabitlik bərpa olunmasa, istər-istəməz bu, bizə də təsir edə bilər. Siz də, indi mətbuatı izləyən insanlar, bizim ictimaiyyət də bilir ki, Azərbaycanı müxtəlif düşərgələrə, bizə aid olmayan işlərə cəlb etmək istəyirlər. Biz öz yolumuzla gedirik. Biz heç bir başqa ölkənin daxili işinə qarışmırıq və belə fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, daxili işimizə qarışsın və imkan verməyəcəyik. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Biz görürük ki, harada vəziyyət ağırdır bunu deyirik, yol göstəririk, öz nümunəmizi göstəririk. Sadəcə olaraq, kimisə tənqid etmək üçün hansısa fikirləri demirik.

Deyirik ki, baxın, Azərbaycanda bu məsələlər necə həll olunur. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid amal, ideya uğrunda birləşə bilir, başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökür, qırır? Heç başa düşmür nəyə görə? Yaxın Şərqdə vuruşanların böyük əksəriyyəti anlamır ki, onlar nəyə görə, kimin tərəfində vuruşurlar, kimin maraqlarını müdafiə edirlər. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar, elə günə salırlar ki, o şəhərlərin, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Nəyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi. Harada ki, hakimiyyət möhkəmdir, xalqla bir yerdədir heç bir kənar qüvvə o hakimiyyətin iradəsinə təsir edə bilməz, o hakimiyyəti heç bir avantüraya çəkə bilməz.

Bir daha demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik. Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".