Komitə sədrinə 170 min verən şəxslə bağlı – Yeni məlumatlar

18 Fevral 2016 11:12 (UTC+04:00)

Bu barədə AzNews.az-a sözügedən şəxsin vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, icra başçısının müavini olmaq istəyən şəxsin adı mətbuata H.Hüseynova tərəfindən ötürülüb: "Eynur Kərimovun mətbuatla heç bir əlaqəsi olmayıb. Onun iki təhsili olub, müəllim işləyib və Qubadlı rayon İcra Hakimiyyətinin təqdimatı ilə Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasının məzunu olub. Bizneslə məşğul olub".

A.Məmmədov komitənin mətbuata açıqlamasında müvəkkilinin prokurorluqda izahat verməkdən yayınması ilə bağlı fikirlərinə də münasibət bildirib: "Qarşı tərəf mətbuata belə açıqlama verib ki, guya Eynur Kərimov prokurorluq oqranlarına dəvət edilir, amma o, izahat verməkdən yayınır. Tamamilə əsassızdır.

Bundan əlavə komitə sədri məni də ittiham edib ki, qeyi-peşəkar vəkildir. Mən bu günə kimi nə komitə sədrinin, nə də onun sabiq aparat rəhbərin ünvanına cinayətkar deməmişəm. Şikayətçi və faktlar, sübutlar da ortadadır".

A.Məmmədov qeyd edib ki, fevralın 17-də onun da iştirakı ilə müvəkkili Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində 13 vərəqlik izahat verib: "Hücran Hüseynovanın işədüzəltmək adı ilə Eynur Kərimovdan aldığı pulun qəbzi var. Səfər İmanov öz imzası ilə bu qəbzi təsdiqləyib. Eynur Kərimov dəfələrlə pulunu almaq üçün Səfər İmanov və Hicran Hüseynova ilə görüşüb. Həmişə də deyiblər ki, qaytaracağıq. Müvəkkilim bildirir ki, Səfər İmanov ona deyib ki, darıxma, bu yaxınlarda xanımın (Hicran Hüseynovanı nəzərdə tutur – red.) ad günü olacaq. Həmin ad günündə 200 min pul yığılacaq. O puldan 170 mini sənə verəcəyik, məsələ bitəcək".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hücran Hüseynovanın və sabiq aparat rəhbəri Səfər İmanovun işə düzəltmək adı ilə Eynur Kərimovdan 170 min dollar aldığı iddia edilir. Onu da bildirək ki, adı dələduzluqda hallanan S.İmanov bir xanımla Azərbaycandan qaçıb.

Bahar RÜSTƏMLİ
AzNews.az