“Türkiyə ordusuna göz dağı verdilər” – Ankara terroru barədə şərh

18 Fevral 2016 12:10 (UTC+04:00)

Məsələ ilə bağlı AzNews.az-a danışan Türkiyənin TOBB İqtisadiyyat və Texnologiya Universitetinin beynəlxalq əlaqələr üzrə professoru, politoloq Toğrul İsmayıl bildirib ki, bu hadisə terrorla mübarizəni daha da gücləndirəcək: "Terror hadisəsinin arxasında kimlərin olduğu hələlik açıqlanmayıb. Çox qarışıq fikirlər səslənir. Amma bundan sonra çox şeylər olacaq.

Türkiyə terrorla mübarizəni davam etdirəcək, özü də bu mübarizə daha sərt forma halını alacaq. Onsuz da Anadoluda PKK ilə mübarizə aparılır. Bu terrorun isə mesaj xarakteri var: türk ordusuna göz qorxusu, göz dağı vermək.

Bunu isə ikimənalı yozmaq olar.

Birincisi, Suriyadakı hadisələrin terrorun xarakterini dəyişdirdiyini görürük. Bomba yüklü avtomobil partladılıb. Terrorun bu forması ilk dəfə olub. Əvvəllər əsas etibarilə mikroavtobuslardan istifadə edirdilər. İndi isə yüngül nəqliyyat vasitələrindən, yəni normal avtomobillərdən hərəkət halında hücum edilib. Türkiyənin terror tarixində belə bir hadisə olmayıb.

Bundan əlavə, Suriyada özbaşınalıqlar onu göstərir ki, terror orada müəssisələşir. Yeni terror texnologiyaları gündəmə gəlir".

Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) birinci müavini Vurğun Əyyub isə Türkiyənin terrorizmlə mübarizə siyasətinin ölkənin özünü terrorla üz-üzə qoyduğunu bildirib: "Belə cinayətlərdən dünyanın ən güclü dövlətləri belə sığortalanmayıb. Türkiyənin istər ölkə daxilində, istərsə də beynəlxalq miqyasda terrorizmə və separatçılığa qarşı apardığı ardıcıl mübarizə, bəyan etdiyi birmənalı mövqe onu terror hadisələri ilə üz-üzə qoyur. Məncə, bütün itkilərə, ağrı-acılı hadislərə baxmayaraq Türkiyə dövləti və xalqı terrorizmlə mübarizədən geri çəkilməyəcək və çəkilməməlidir".

Bahar RÜSTƏMLİ
AzNews.az