Terror zamanı zərərçəkənlər arasında azərbaycanlı olmayıb

18 Fevral 2016 12:10 (UTC+04:00)

Bu barədə Türkiyə Səhiyyə Nazirliyindən məlumat verilib. Eyni zamanda informasiyanı Azərbaycanın Ankaradakı səfirliyi də təsdiqləyib. Fevralın 17-si Ankarada baş verən terror aktı nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.

Güclü partlayış hərbi şəhərcik yaxınlığında baş verib. Hadisədən dərhal sonra açıqlama verən Ankara valisi Mehmet Kılıçlar bildirib ki, partlayış hərbi maşın karvanında baş verib. "Partlayışın avtomobilə yerləşdirilmiş bombanın işə salınması nəticəsində baş verdiyi ehtimal edilir", - deyə Mehmet Kılıçlar bildirib.

Hadisə ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana planlaşdırılan səfərini təxirə salıb. Eyni zamanda terror hücumu ilə bağlı baş nazir Əhməd Davudoğlu Brüsselə səfərini təxirə salıb. O burada miqrantlar problemini müzakirə etməli idi.

"Reuters"ə açıqlama verən yüksək vəzifəli Türkiyə rəsmisi bildirib ki, terror hücumlarını PKK törədib. Bununla belə Türkiyənin cənub-şərqindəki təhlükəsizlik rəsmiləri terrorun İŞİD tərəfindən törədildiyini ehtimal edirlər.

anspress.com