Azərbaycan-Rusiya sərhədində sıxlığın yaranması ilə bağlı - Açıqlama

19 Fevral 2016 12:40 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar Rusiya Federasiyasından Azərbaycana gələn vətəndaşlar ölkəmizlə sərhəddə yerləşən "Novo-Filə-Şirvanovka" gömrük-keçid məntəqəsinə yubanıb və adıçəkilən məntəqədə iş vaxtı bitdiyi üçün vətəndaşlar "Yaraq-Qazmalar-Samur" gömrük-keçid məntəqəsinə yönləndirilib. Nəticədə "Yaraq-Qazmalar" gömrük-keçid məntəqəsindən keçərək ölkəmizə gələnlərin sayındakı artım Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda sıxlığın yaranmasına səbəb olub. Azərbaycan gömrük xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində, nizamlı qaydada həyata keçirilən gömrük nəzarətinin, eləcə də tibbi müşahidənin aparılması ilə qısa vaxt ərzində sıxlıq aradan qaldırılıb. Hazırda "Samur" gömrük-keçid məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir, vətəndaşların və nəqliyyat vasitələrin hərəkətində heç bir sıxlıq müşahidə olunmur.