Yeni yaradılan idarədə kütləvi ixtisarlar – Mühafizəçilər qovulur

19 Fevral 2016 15:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Bulvarın Mühafizə İdarəsinin rəisi Ehtiram Səfərov 20-yə yaxın mühafizəçini yanına çağıraraq, onlarla işləmək istəmədiyini bildirib və onların ərizələrini alaraq işdən xaric edib. Bu gün isə daha iki nəfərin - Elnur Quliyev və Nicat Vəliyev adlı mühafizəçilərin ərizələri alınıb.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini N.Məcidov AzNews.az-a açıqlamasında bildirib ki, mühafizə xidmətində işləyənlər öz ərizələri ilə işdən çıxıblar: "Mən bu məsələni araşdırıram. Bizdə kiməsə qətiyyətlə "səninlə işləmək istəmirəm" deyən adam ola bilməz. Onlar öz ərizələri ilə işdən ayrılıblar".

Rəis müavini qeyd edib ki, əgər kimisə məcburən işdən çıxarıblarsa, müvafiq dövlət qurumlarına şikayət etsin: "Məndə də məlumat var ki, mühafizə xidmətində işləyənlərin bəziləri öz ərizələri ilə işdən ayrılıblar. Belə hallar hər zaman olur. Çünki mühafizədə işləmək elə də asan iş deyil. Yəni, onlar iki növbəli işləyirlər. İşin tələbi ilə gecədən səhərə kimi dəniz kənarında, küləyin qabağında qalırlar. Ona görə mühafizəçilərin arasında 3-5 ay işləyib, gedənlər də az olmur".

N.Məcidov həmçinin qeyd edib ki, idarənin struktur islahatları ilə bağlı proses gedir: "Yeni əsasnamə hazırlanmalı və struktur müəyyənləşdirilməlidir. Bu, haradasa iki aya yaxın vaxt aparan prosesdir. Yaxın zamanlarda idarənin yeni strukturu və ştat cədvəli məlum olacaq. İki təşkilatın işçiləri öz işlərində davam edirlər. Amma struktur dəyişikliyi məlum olandan sonra işçilərin hansının qalıb, hansıların gedəcəyi, yaxud da hamısının işləyə biləcəyi ilə bağlı məqamlar məlum olacaq".

Bahar RÜSTƏMLİ