Azərbaycanda yeni tendensiya - Obyektlərə doğma dildə adlar qoyulur

19 Fevral 2016 21:17 (UTC+04:00)

Ötən illərdən fərqli olaraq, bu il küçə adları ilə bağlı problemlər xeyli aradan qaldırılıb. Bir neçə il öncə ən çox dil pozuntularının rast gəlindiyi mağaza, obyekt adlarında hazırda bu cür hallar o qədər də müşahidə olunmur.

Ekspertlər bunu bir sıra amillərlə əlaqələndirirlər. Məsələn, şirkətlərin birində marketoloq kimi çalışan Samir Kərimov bu cür halları müəyyən qədər psixoloji amillə əlaqələndirib:


"Əvvəllər fərqlənmək və keyfiyyətinin səviyyəsini göstərmək üçün (halbuki, bu keyfiyyətinin meyarı deyil) xarici adlardan istifadə olunurdu. Bu da insanlarda bir müddət xaricidir, "deməli yaxşıdır, keyfiyyətlidir" fikirlərini yaradırdı. Həmçinin, əvvəllər iaşə obyektlərinə daha çox rus dilli auditoriya gedirdi və onlar üçün xarici ad və ya brend seçim üçün önəmli faktorlardan idi. Ondan sonra bu trend halına çevrildi. Hamı xarici adlardan istifadə etməyə başladı. Amma insanlar gördülər ki, bu keyfiyyət demək deyil. Odur ki, artıq fərqlənmək, özünü milli şirkət kimi göstərmək üçün iaşə obyektlərinə yerlı adlar qoyurlar", - deyə Samir Kərimov vurğuladı.

Biznes adları üçün sözlərin, ifadələrin seçilməsi ilə bağlı məsələ ölkəmizdə həmişə diqqət mərkəzindədir. Fərdi sahibkarların ticarət obyektləri üçün insan adlarına üstünlük vermələrinə baxmayaraq, bəzi hallarda qeyri-ənənəvi adlardan və sözlərdən, eləcə də Azərbaycan dilinin orfoqrafik lügət tərkibində təsdiq edilməmiş sözlərdən istifadəyə də rast gəlinir. Bu kimi hallar xüsusən 5-6 il öncə daha çox idi.


2011-ci ildə Bakı şəhərində obyektlərə qoyulan adlar
Ölkəmizdə, eləcə də, paytaxt Bakıda bəzən elə müəssisələrə də rast gəlmək mümkündür ki, onlara işğal olunmuş rayonlarımızın, Şuşanın, Ağdamın, Xankəndinin və s. adı qoyulur. Amma məsələ ilə bağlı dəfələrlə Milli Məclisdə deputatların bəziləri çıxış edərək, bunun düzgün olmadığını və işğal altında olan rayon və şəhər adlarının şadlıq sarayı və restoranlara verilməsi halları aradan qaldırılmasını bildiriblər.


İşğal olunmuş rayonun adı altında olan restoran
Azərbaycan prezidentinin 23 may 2012-ci il tarixli 2236 nömrəli sərəncamı ilə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında tədbirlər müəyyən edilib.

Sərəncamda bildirilir ki, küçə və meydanlardakı reklamlarda, afişalarda, obyekt adlarında ana dilinin daha yüksək və tələblərə uyğun səviyyədə istifadəsinin təmin edilməsi məqsədilə, ticarət obyektlərinin adlarının seçilməsi zamanı müəyyən qaydalara əməl edilməsi zəruridir.

"Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nın təsdiq edilməsi haqqında qanununa əsasən, ad seçilərkən aşağıda göstərilmiş faktorlara diqqət yetirilməsi məsləhət bilinir:

· Yadda qalan, asan anlaşılan və tələffüz edilən, fəaliyyət sahəsinin bütün spektrlərini əhatə edən qısa ad seçmək;

· İnkaredici, təkrar edici və ya həddən çox oxşar, ümumi adlardan, sözlərdən və başqa dillərdə neqativ məna verən sözlərdən çəkinmək.

Əslində, beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, məsələn, Türkiyədə seçilmiş adın istifadəsi nəticəsində başqa biznes adları ilə qarışıqlıq yaranmamalı, eləcə də həmin adlar ictimai qayda, asayişə və mənəvi (əxlaqi) dəyərlərə zidd olmamalıdır. Burada fərdi sahibkarlar biznes adının istifadəsində sərbəstdirlər.


Türkiyədə iaşə obyektinə qoyulan ad

ABŞ-ın bəzi ştatlarında adların seçilməsi ilə bağlı maraqlı təcrübələr formalaşıb. İllinoys ştatında hüquqi şəxslərin ad seçimində məhdudlaşdırıcı qaydalar tətbiq edilir. Həmin ştatın məhdud məsuliyyətli şirkətlərin fəaliyyətini tənzimləyən qaydalarına əsasən, söyüşlərin, eləcə də irqi, cinsi, etnik mənşə və cinsi mənsubiyyət ilə bağlı təhqirlərin ad kimi istifadəsi qadağan edilir . Oxşar qayda Ohayo ştatında da mövcuddur.


Fransada biznes fəaliyyəti ilə məşğul olan şəxslərin ad seçimləri Ticarət Məcəlləsi ilə tənzimlənir. Məcəlləyə əsasən biznes adı doğma dildə tənzimlənməlidir.

Yuxarıda göstərilənlərdən aydın olur ki, ticarət və istehlak bazarı obyektlərinin adlandırılması istiqamətində ciddi tələblərin müəyyən edilməsinə ehtiyac vardır. Bu baxımdan, problemlərin aradan qaldırılması sistemli və müfəssəl yanaşma tələb edir. Bunun üçün isə, ilk növbədə milli qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilməli, zəruri olduğu təqdirdə spesifik qeydiyyat qaydaları tərtib edilməli və qəbul olunmalıdır.


Ans press