Aqşin

20 Fevral 2016 23:52 (UTC+04:00)

Aqşinlə 2000-ci ildə tanış olduq. İncəsənət Universitetinin bufetinin qarşısında. Universitedə oxuyan bir dostunu görməyə gəlmişdi, təsadüfən o adam mənim də dostum idi. O qədər aydın xatırlayıram ki, uzunətək paltosundan, narıncı şərfinə, arıqlığına, üzündəki cığal uşaq ifadəsinə qədər hər şey yadımdadır. Əlimdə kiminsə şeirlər kitabi vardı, aldı, bir-iki şeir oxudu, oxuduqlarını lağa qoydu, zarafata saldıq, deyib-gülməyə başladıq.

Sonra ortaq dostlarımız mənə onun birinci şeir kitabını bağışladılar. Kitabdan beş-altı dənə aldım və qarşıma çıxan yaşlı sənət adamlarına payladım. Şeirləri oxuyanların çoxu şoka düşür, bəziləri onun hoqqabaz, bəziləri tərbiyəsiz olduğunu deyirdi. Yalnız kurs rəhbərim, teatrşünas Məryəm Əlizadə onun şeirləri oxuyandan sonra dedi:

- Aqşin əsl şairdir. Əgər o sənin dostundursa, özünə düzgün çevrə seçmisən...

Yeni tanış olduğumuz vaxtlar idi. Yavaş-yavaş bir-birimizi tanımağa başlayırdıq. Bir gün Zahir Əzəmət, Aqşin və mən görüşdük. Aqşin söhbət əsnasında dedi ki, neçə aydan bəri işıqpulu yığılıb. Cibində bir qədər pul vardı, dedi ki, üstünü düzəltsə, aparıb işıqpulunu ödəyəcək. Bakıda rus filmləri festivalı gedirdi. Gedib filmə baxdıq. Filmdən çıxandan sonra evə getmək istəmirdik. Amma hardasa oturub axşam yeməyi yemək üçün nə Zahirin, nə də mənim pulum vardı. Aqşin evə getmək istəmədiyimizi görüb, bir dəqiqə də tərəddüd eləmədən dedi:

- Gedək kafeyə. İşıq pulun başqa vaxt ödəyərəm.

Sonra qətiyyətlə ikimizi də ən yaxındakı kafeyə dartdı.

Onu ürəyi sevgiyə və dostluğa, evinin qapısı isə gedəcək yeri olmayan, darıxan, içmək istəyən, istilik, sevgi, dostluq, ünsiyyət istəyən hər kəsin üzünə açıq idi. "Qapını döyməyin, açın, girin!" – bu onun ən çox təkrar elədiyi cümlə idi və doğrudan da, onun qapısı həmişə sözün həqiqi mənasında açıq olurdu.



Bir dəstə gənc uşaq idik. Kasıb, şən, gələcəyə ümidli, davakar, cığal, iddialı. Axşamlar onun evinə yığışırdıq, kimin qəpik-quruş nəyi vardısa, atırdi ortaya, gedib bazarlıq edirdik, yemək bişirirdik, yeyib-içirdik. Səhər oyanıb hamı işə, dərsə, evə gedəndə kimin cibində pul olmurdusa, Aqşinə deyirdi. O vaxt imkanlı bir qohumu hərdən ona pul göndərirdi, ona pul gələndə, bu hamımıza pul gəlib demək idi. Səhər evin qapısının ağzında dayanırdı, evdən hər çıxana pul verirdi.

Mən ilk dəfə Aqşində gördüm ki, bir insan nə qədər əliaçıq, səxavətli ola bilər. Gördüm ki, insan necə rahat, ürək açıqlığı ilə, sabahı düşünmədən, sabaha bir çörək puıu saxlamaq barədə düşünmədən pul xərcləyə, əlini cibinə necə rahatlıqla ata bilər. Bəzən günlərlə yeməyə, adi çörəyə pulu olmayan adam, əlinə pul düşəndə necə bu qədər səxavətli ola bilərdi? Mən hələ də o çılğınlıq, o dəliliklə pul xərcləyən adama rast gəlməmişəm.

Biz hamımız onun zarafatlarına, qeyri-adi istedadına, dünya böyüklükdə ürəyinə, dost olmaq bacarığına heyran idik. Səfərlərə çıxırdıq, kafelərdə, parklarda sülənirdik, şənlənirdik, zarafatlaşırdıq. Onda biz çox idik. Sonradan ya ailə qurub "ciddiləşən", ya nəsə vəzifə tapıb məmurlaşan, yaradıcılıqda uğur qazana bilmədiyindən küsən, uzaqlaşan nə qədər dostumuz oldu. Qızlı-oğlanlı. Sayımız getdikcə azaldı. İndi bunları yazanda Seymurun o vaxt talış meşələrində piknik elədiyimiz vaxt dediyi zarafatyana sözlər düşür:

- Vallah, biz gərək bu çevrədəki qızları özümüz alaq. Qırağa getməsinlər, yoxsa zayları çıxacaq.

Seymur bunu zarafatla demişdi, amma zaman göstərdi ki, çoxunun yanlış adamlarla ailə qurmağı nə qədər adam uzaqlaşdırdı çevrədən. Qınamalı da deyil, öz doğmalarınla nə qədər azadlıq, sərbəstlik müharibəsi aparmaq olar? Gəncin gənc kimi yaşaması hələ də əxlaqsızlıqdır axı bu ölkədə. Yorulan oldu, canından bezib ailə quranlar, uzaqlaşanlar, çəkinənlər oldu.

Indi düşünürəm ki, nə əvvəllər, nə də sonra mən heç vaxt Aqşinlə dost olduğumuz illərdəki qədər gülməmişəm. Heç vaxt o qədər şən, çevik, zirək olmamışam. Aqşinin beyni, ürəyi o qədər zəngin idi ki, onunla hər söhbətdən sonra adam təzələnirdi, adamın beyni, ruhu təravətlənirdi. Hər dəfə evdən zəhərli sözlər eşidəndə, kənardan min-bir iftira, təhqir, zir-zibil eşidəndə, Aqşindən güc alırdım. O təsəlli vermirdi, o məsləhət vermirdi, o öz həyatı, gücü, ürəyi, şuxluğu ilə göstərirdi ki, möhkəm olmaq necə olur.

O vaxtdan bəri çox adam dağılışıb, çox adamın bir-biri ilə əlaqəsi kəsilib, amma mən nədənsə əminəm ki, o vaxtkı uşaqların hamısını birləşdirən bir şey var: içimizdə ya gizli, ya aşkar Aqşin sevgisi. Hətta ondan ən incik olduğumuz vaxtlarda belə, onun barəsində danışmaq istəməyəndə belə, hərdən nəsə zarafat edəndə, qəfildən dilimizdən qopur:

- Aqşin demişkən...

Yəqin ki, yazını oxuyacaq hər kəs, ya aşkar, ya üstüörtülü soruşacaq:

- Siz dediyiniz o vaxtkı Aqşin idi...Bəs indiki, bəs bu günkü necə?

Russonun "Tənha romantikin gəzintiləri" əsərində kədərli bir yer var dostları ilə bağlı: "Məni nə qədər incitsələr də, onlarla yaşadığım sevincləri, gözəl xatirələri əlimdən ala bilməzlər "...Aqşin də elə, nə etsə, nə desə, nə danışsa, kimə çevrilsə də, məgər onunla bağlı xatirələrimizi, onun bizə yaşatdığı gözəl şeyləri dəyişirmi bunlar? Yox, bizim onunla uzun illər ürəyimizi isidicək, işıq salacaq dostluğumuz olub. Dostluq eləyə bilməyənlər bunun nə demək olduğunu anlaya bilməzlər.

Bir də ki, sözün açığı, bu gün danışan, etiraza, qıcığa səbəb olan Aqşindən inciməyi ağlıma da gətirmirəm. Bu, mənim dostum Aqşin deyil ki. Mən indiki Aqşini tanımıram ki. Bu, o Aqşin deyil ki.

Bu gün məni təəccübəndirən Aqşinin davranışı, dedikləri deyil, bir şairin, bir sənət adamının, onun xarakterinin, prinsiplərinin zəifləməsinə sevinənlər, ona qarşı durmadan, bəh-bəhlə, iştahla "sındın, dəyişdin, satıldın" kimi məkrli, xaincə sözlər işlədənlərdir. Bir şairin, bir sənət adamının kimlərinsə qılıncı altından keçməyini intizarla, həsrətlə gözləyən nə qədər məkrli insan varmış?!

Sanki liderləri Kələkiyə qaçan, bayraqdarları "işverən" çıxan, müxalifət liderləri balta ətrafında birləşən, dünən müxalifətdə olub, bu gün iqtidara keçən partiyaları görən, dissidentləri həbsdən çıxıb, müxaifəti söyən toplum deyil. Sanki "xəyanəti", dəyişməyi, "sınmağı" bir tək fağır bir şairdən gördülər.

O şairdən ki, nə elektoratı vardı, nə tribunası, nə platforması, nə siyasi iddiası...

Bir qələmi, bir ürəyi vardı. Birləşib, ikisini də zəhərlədiniz...

Yazı müəllifin şəxsi mövqeyini əks etdirir...


Meydan tv