Obama ilə 106 yaşlı qadının “rəqs parti”si – Möhtəşəm görüşdən VİDEO

22 Fevral 2016 12:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Virginia McLaurin adlı qadın ABŞ prezidenti Barak Obamaya "Youtube" vasitəsilə videoismarıj göndərib. O, videoda prezident və xanımıyla görüşməkdən məmnun olacağını bildirib. 106 yaşlı qadının Obama cütlüyü ilə görüşünün baş tutması üçün petisiya başladılıb. Nəhayət 1 il sonra, fevralın 21-də Virginianın arzusu həyata keçib.

Ağ Evə ruh yüksəkliyi ilə daxil olan 106 yaşlı qadın ilk olaraq prezident Obamanı salamlayıb. Obama qadını görməyinə çox şad olduğunu bildirib, Virginia isə bu görüşün onun üçün şərəf olduğunu qeyd edib. ABŞ prezidenti Virginianın əlindən tutaraq onu xanımı Mişel Obamayla salamlaşmağa aparıb. Mişel Obama Virginiaya yaşa dolduqca onun kimi olmaq istədiyini deyib. Virginia isə öz növbəsində birinci ledinin bunu bacaracağını bildirib.

Görüş zamanı durmadan rəqs edən 106 yaşlı qadın hər kəsi heyrətləndirməyi və özünə heyran etməyi bacarıb.


Barak Obama qadından bu yaşda belə rəqs edə bilməyinin sirrini soruşub. Rəqsinə ara vermədən Virgina "sadəcə hərəkət etməyə davam et" cavabını verib. O, tək rəqsiylə deyil, 106 yaşında baxımlı olmasıyla da diqqətləri üzərində cəmləyə bilib. Mişel Obama Virginianın bənövşəyi manikürünü tərifləyib.

Virginia Ağ Evdə ola biləcəyinə heç vaxt ümid etmədiyini deyib və qaradərili şəxsin prezident olmasına çox sevindiyini dilə gətirib.

Həyat dolu 106 yaşlı qadının Obama cütlüyü ilə görüşünün videosunu təqdim edirik:



Aydan AXUNDOVA