Gənclər niyə “Azdrama”ya yol tapa bilmir? – “Məddahlıq tribunasına çevrilib”

22 Fevral 2016 16:44 (UTC+04:00)


Onlar əsasən teatrda yalnız sosial statusu olan, bədii yaradıcılıqla yanaşı müəyyən vəzifə tutan yazarların əsərləri tamaşaya qoyulmasından, digər qələm sahibləri, xüsusən gənc dramaturqların teatra yol tapa bilmməməsindən şikayətlənirlər.

Teatr rəhbərliyi dəyişsə də, vəziyyət dəyişməyib. Problemin aktuallığını nəzərə alaraq məsələ ilə bağlı AzNews.az yazarlar arasında sorğu keçirib. Həmin soğrunu təqdim edirik:



Rüstəm Behrudi: "Qədim yunanlar teatrı məbəd adlandırırdılar. Bizdə məbədlər məddahlıq tribunasına çevrilib və Mədəniyyət Nazirliyi teatrın məbəd olduğunu unudub. Ənənəvi müəlliflər gəncliyin yolunun üstündə əjdaha kimi dayanıblar. Teatrda da Məlikməmmədə ehtiyac var. Ancaq bizim gənclər də Məlikməmməd olmaq istəmirlər".



Aslan Quliyev: "Ora kim yol tapa bilir ki? Bir ara mən də "Ekstremist" adlı pyesimlə ora yol tapmaq istədim, amma tapa bilmədim. Başa düşdüm ki, ekstremistlə-filanla nəinki bunlara yol tapmaq olar, heç qapılarından içəri də boylanmaq olmaz. Senzura ləğv olunsa da, burda əvvəlkindən də ayıq-sayıq daxili senzura mövcuddur. Gərək onların istədiyi kimi yazasan, nə sətiraltı, nə də sətirüstü mənası olmaya. Bir də vəzifən olmalıdır, ilk öncə sənin mövqeyin, durumun onların tələblərinə cavab verməlidir. Vermirsə, ora getmək, hələ bir qoltuğuna pyes də vurmaq gülünc işdir. Cavanların da vəzifələri yox, yazılarından qan iyi gəlir, bu, azmış kimi hələ bir harasa da yol tapmaq istəyirlər. Gəl indi anla da".


Səfər Alışarlı: "Görmürsünüzmü orada necə bazburtlu kişilər müdir kreslosunda oturur? Sən necə təsəvvür eləyə bilərsən, məsələn, Azərpaşa Nemətov Kəramət Böyükçölün "Çöl" romanı əsasınsa yeni tamaşaya quruluş verib?! Azərbaycanda elə şeylər heç zaman olmayıb, olmayacaq da".



Aqşin Yenisey: "Pyes səhnə üçün yazılır, heç bir dramaturq, yaxud dram əsəri yazan yazıçının belə bir fikrinə rast gəlməzsiniz ki, desin, mən pyeslərimi özüm üçün yazıram. Azdrama özü maraqlı olmalıdır gənc yazıçılarla işləməyə. Müsabiqələr keçirə bilərlər, müqavilələr imzalaya bilərlər. Mən gözümü açandan Azdramada eyni yazıçılar və eyni əsərlər oynanılır. 90-cı illərdən bu yana ədəbiyyata gələn bütün yazıçı və şairləri şəxsən tanıyıram. Hələ indiyədək onları düşündürən, maraqlandıran mövzular arasında Azdrama adına rast gəlməmişəm. Teatr artıq bizdə arxaik bir sahə hesab olunur. Təkliflər teatrlardan gəlməsə heç kim evdə saxlamaq üçün pyes yazmayacaq. Evdə saxlamaq üçün ədəbiyyatın daha effektiv janrları var".



Qan Tural: "Düzü, pyesin hansı prosedurla qəbul edildiyindən xəbərim yoxdur. Ona görə də bu haqda geniş danışa bilmərəm. Lakin repertuarda gənc müəlliflərin pyeslərinin olmamağı narahatlıq doğurur. Məhz bu cəhətə görə Azdrama aktuallığını tamamilə itirib. Buna ciddi fikir vermək lazımdır. Amma... Fikir verməyəcəklər...".



Cavid Zeynallı: "Bəzən bizdə təxminən bu cür fikirlər səslənir: teatrlar yerli müəllifin əsərini yalnız tapşırıqla, vəzifəsinə görə tamaşa qoyurlar. Təbii ki, bu fikrin formalaşmağına əsas verən istisnalar və haqlı məqamlar ola bilər. Amma ortalıqda bir həqiqət var: məsələn, qəzet-jurnal, sayt redaktoru necə ki yaxşı mətn axtarır, istedadlı müəllifin sorağındadır, bunu da eyninlə teatr rəhbərlərinə aid etmək olar. Bu gün Azərbaycan teatrının istedadlı gənc dramaturqa əşədi-ehtiyacı var. Nəinki gənc, elə yaşlı dramaturqa da. Bu ehtiyac siyahısına bölgə teatrlarından tutmuş, ölkənin ən böyük teatr – Akademik Milli Dram Teatrı da daxildir.

Mən bütün ədəbi gəncliyi izləyirəm, tanıyıram, dostluq edirəm. Amma elə bir pyes yazılıbmı ki, sənin, mənim ağzım açıq qalsın, "bravo" deyək, amma onu məsələn, Akademik Milli Dram Teatrı səhnəyə qoymasın? Yoxdur! Yəni bunu "AzDrama"ya gənclərin yolu niyə bağlıdır?" şəklində anlamaq lazım deyil. Teatrda istedadlı gənc aktyorlar var və onlar ən çətin rolların öhdəsindən gəlirlər. Amma dramaturq məsələsində bunu deyə bilmərəm.

İkinci bir tərəfdən də, gənc müəllif öz pyesini teatra təqdim etsin, əgər həqiqətən də keyfiyyətli mətndirsə, deməli, ona yaşıl işıq olacaq. Təəssüf ki, bizdə iddiası istedadından böyük olan insanlar çoxdur. Məsələn, maraqlı hekayə yaza bilməyən adamlar dramaturq olmaq iddiasına düşürlər. Və onların əsərləri geri qaytarılanda bunu düşmənçilik kimi anlayırlar".



Fərid Hüseyn: "Əvvəlki illərlə müqayisədə gənclərə münasibətdə ciddi irəliləyiş var, gənclərin əsərləri səhnəyə yol tapır. Azdrama "ağırtaxtalı" teatrımızdır deyə əslində, orda klassiklərin əsərləri oynalınmalıdır. Akademik! Ancaq indi orda bəzi elə zəif əsərlər var ki, onlar həvəskar səviyyədədir. Artıq teatr rəhbəriylə ünsiyyətlə bu işi yoluna qoymaq dövrü keçməlidir. Məncə, mədəniyyət naziri özü qayğı göstərsə, bu problem həll olunacaq".


Mövlud Mövlud: "Elçin Əfəndiyev imkan vermir".

Kəramət Böyükçöl
AzNews.az