Özəl klinikalar da qiymətləri qaldırdı

22 Fevral 2016 18:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Baki-Baku.Az elektron qəzeti ölkədə fəaliyyət göstərən tibb müəssisələrinin qiymətləri ilə bağlı yazı hazırlayıb. Yazıda bildirilir ki, özəl klinikaların rəsmi saytlarında yerləşdirilmiş "xidmət haqqı" cədvəllərindəki qiymətlər bəzi klinikalar üçün dəyişməz olaraq qalır, bir çoxunda isə nəinki endirim, əksinə qiymət artımı da gözə çarpır.

Elektron qəzetin ən çox müraciət olunan "Check-Up" (ümumi müayinə) xidmətinin qiymətlərini əsas götürərək apardığı araşdırmanı təqdim edirik:

"City Hospital"da bu xidmət 101,5 AZN dəyərində təqdim olunmaqdadır. Əgər "Check-Up" xidmətinin bütün klinikalar tərəfindən təklif olunduğunu nəzərə alsaq, bu klinikanın rəqabəti təvazökarcasına uduzmaq istəyini birmənalı qarşılamaq olar.

"HB Güven Klinik" adlı tibb müəssisəsi özünün rəsmi saytında xidmətlərinin qiymətlərini yerləşdirməyi vacib bilməyib. "Check-Up" bölümü isə müştəriləri "Error 404" ilə "məlumatlandırır".

Ötən ilin avqust ayında mediada yayımlanmış informasiyalarda bildirildiyi kimi, "lisenziyasız və ya lisenziyadan kənar fəaliyyətinə görə" 20 min manat məbləğində cərimələnən "Ömür" klinikası, yenə həmin "dalğada", amma 30 min manat ziyana düşən "Bioloji Təbabət" klinikası da rəsmi saytlarında qiymət göstərmək əvəzinə tibbi biliklərini paylaşmağa, hansısa uğurlarını mədh etməyə üstünlük veriblər.

Son zamanlar endirim kampaniyaları ilə bağlı medianın reklam bucağında davamlı şəkildə parlayan "Avrasiya" klinikasında isə ən çox müraciət olunan - ailə qurmağa hazirlaşan cütlüklərə özəl "Check-Up" xidməti kişilər üçün 150, xanımlar üçün isə 90 manata təklif olunmaqdadır. Hələ ötən ilin oktyabr ayından ölkədə 2016-cı il üçün yaşayış minimumunun 136 manat məbləğində proqnozlaşdırıldığını göz önündə bulundursaq, bu klinikada müayinə olunacaq gənc ailənin əlavə borca girməsi qaçılmazdır.

"Azərbaycan-İsrail" Beynəlxalq Tibb Mərkəzində isə ümumi tam "Check-Up" xidməti 78, standart "Check-Up" xidməti isə 58 manata təklif olunmaqdadır. Yuxarıda sadalanan tibb müəssisələrindən fərqli olaraq burada əvvəki illərlə də müqayisədə qiymətlərə endirim edildiyi müşahidə olunur.