Silahlı Qüvvələrin Akademiyasında NATO təlimə başladı

24 Fevral 2016 11:17 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə NATO arasında 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən fevralın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında təlim kursu başlayıb.

NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Birgə Əməliyyat və Səfər Qiymətləndirilməsi" mövzusunda keçirilən kursa Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin zabitləri cəlb olunublar.

Üç gün davam edəcək təlim kursunda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara "NATO-nun hərbi strukturu", "Hərbi tərəfdaşlıq", Əməliyyat planlaşdırma prosesi", "Əməliyyatların qiymətləndirilməsi", "Məlumatların toplanması və təhlili" və digər mövzularda məlumatlar veriləcək, sindikatlar keçiriləcək.