Dövlət büdcəsinin dəqiqləşdirilən gəlirləri açıqlandı

24 Fevral 2016 11:32 (UTC+04:00)

Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Qeyd edilib ki, 2016-cı il dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablamaları zamanı xam neftin satış qiymətinin 1 barreli üçün müəyyən edilmiş qiymət təsdiq olunmuş proqnoza nisbətən 2 dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb. Bu il dövlət büdcəsi gəlirlərinin 7 milyard 615 milyon manatı və ya 45,3 faizi Dövlət Neft Fondundan transfertin, 7 milyard 10 milyon manatı və ya 41,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387,0 milyon manatı və ya 2,3 faizi sair daxilolmaların payına düşür. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində 7 milyard 615 milyon manat, təsdiq olunan göstəricidən 1 milyard 615 milyon manat və ya 26,9 faiz çox olsa da, ABŞ dolları ifadəsində 1,0 milyard ABŞ dolları azaldılaraq həmin məbləğ qədər Fondun qalığına qənaət ediləcək.

"Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 milyard 597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da təsdiq olunmuş büdcə göstəricisinə nisbətən 821,0 milyon manat və ya 12,1 faiz çoxdur. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalar təsdiq olunmuş proqnozdan 408,0 milyon manat və ya 6,2 faiz çoxdur. Artım, bütövlükdə, qeyri-neft sektorundan daxilolmaların payına düşəcək", - deyə nazir diqqətə çatdırıb.

Azərtac.az