Təhlükə - Həkimlər qeysəriyyə əməliyyatlarını vaxtından əvvəl edirlər

24 Fevral 2016 14:18 (UTC+04:00)

Bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, SN-nin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov deyib.

Qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuş zamanı nə ana, nə də uşağın doğuş stressi keçirmədiyini deyən R.Hüseynovun sözlərinə görə, bəzi səbəblər hamiləliyin 38-ci həftədən tez əməliyyatla başa çatdırılması üçün birbaşa tibbi göstərişdir: "Bu əməliyyatların həyata keçirilməsi üçün həm ana, həm də uşağın sağlamlığı baxımından tibbi göstəriş ola bilər. Bəzi hallarda ana bətnində uşağın inkişafının 2 həftədən çox ləngiməsi də qeysəriyyə əməliyyatının aparılması zərurətini yaradır. Belə hallar olduqda qeysəriyyə kəsiyi əməliyyatı hamiləliyin ən kiçik həftəliyində də edilir".

Lakin baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlıqlarında böyük problemlər yaradır.

Onun sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərində problemlərin yaranmasına səbəb olur.

R.Hüseynovun sözlərinə görə, 38-ci həftədən tez, planlı qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqların beyin inkişafı indeksinin ümumi populyasiyadan 6 faiz aşağı olduğu artıq dünya elmində sübut olunub:

"Səhiyyə Nazirliyi əməliyyatların tibbi göstərişlər əsasında ciddi nəzarət edir. Ancaq çox təəssüf ki, Azərbaycanda hələ də 38 həftədən tez planlı əməliyyatların edilməsinə rast gəlinir. Bəzi hallarda həkimlər buna fikir vermirlər, köhnə fikirlərlə, prinsiplərlə bu əməliyyatı vaxtından əvvəl edirlər. Bəzən də həkimlər doğuşun çətin keçə bilməsindən, müəyyən problemlərin yarana bilməsindən özlərini bəlkə də sığortalamaq üçün bu əməliyyatı edirlər".

Baş neonatoloqun sözlərinə görə, qeysəriyyə kəsiyi əməliyyatlarının hamiləliyin 38-ci həftəsindən tez edilməsi analarda da ana südü ilə bağlı problemlərin yaranmasına imkan verir. Bu da uşaqların süni uşaq yeməkləri ilə qidalanmasına və bununla bağlı fəsadların yaranmasına gətirib çıxarır.

Trend.az