Xəstəxanada dəhşətli hadisə - “Körpənin qolu demək olar ki, yoxa çıxdı“

25 Fevral 2016 00:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda ("OMD" xəstəxanası) vəfat edən 8 aylıq Şamilov Müşfiq Mikayıl oğlunun nənəsi Xanım Şamilova ans press-ə şikayət edib.

Xanım Şamilova nəvəsinin keçən il iyulun 9-da Ağsu xəstəxanasında doğulduğunu və həkimlərin uşağın sağlamlığında heç bir problem olmadığı barədə bildirdiklərini qeyd edib.

"Uşaq anadan olanda həkimlər onun sağlam olduğunu bildirdilər. Bu barədə rentgen müayinələri də var. Məndən şirinlik aldılar və hər şeyin qaydasında olduğunu bildirdilər. Səhəri gün uşaq əməliyyat olundu və əməliyyatdan sonra dedilər ki, uşağın bir böyrəyi yoxdur. Elə uşağın böyrəyini özləri götürüblər. Rrentgen zamanı məlum olmuşdu ki, hər şey qaydasındadır, ancaq əməliyyatdan sonra böyrək yoxdur. Bunu necə başa düşmək olar. Ağsu həkimləri də işinə məsuliyətsiz yanaşıb. Uşaq anadan olub evə gətirmişik, amma həkimlər baxmayıb ki, onun anadan gəlmə nəcis yeri yoxdur. Evə gətirəndən sonra baxırıq ki, uşağın qarnı köpür", - deyə Xanım Şamilova bildirib.

Daha sonra uşaq müalicə üçün K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib. Burada körpəni Elmi-Tədqiqat Pediatriya İnstitutunun uşaq cərrahı Gündüz Ağayev müalicə etməyə başlayıb.



"Yanvarın 25-də uşağı "OMD" xəstəxanasına gətirdik. Müalicəni həkim Gündüz Ağayev apardı. Üç gün sonra uşaq rəhmətə getdi. Bunadək həkim mənə hər şeyin yaxşı olduğunu deyirdi. Uşağın müalicəsinin yaxşılığı üçün ən bahalı dərmanları bizə aldırırdılar. Həkim uşağın bağırsağını əməliyyat edib, bəs qolunu niyə bu günə salır. Əlinin ətini kəsib doğrayıblar. Əgər problem var idisə, bunu bizə deyərdi. Niyə əməliyyat elədin? Niyə məndən pul istəyirdin? Ölən gün bizi elə tələm tələsik oradan çıxartdılar ki, elə bil qaçhaqaçdır. Bütün lazımi orqanlara şikayət etmişəm. Bunu belə qoymayacam və sonadək gedəcəm", - deyə Xanım Şamilova qeyd edib.

Uşağın həkimi olmuş Gündüz Ağayev ANS PRESS-ə açıqlamasında Şamilov Müşfiqin anadangəlmə ağır inkişaf qüsurunun olduğunu qeyd edib.

"Anadan olandan onun düz bağırsağı olmayıb. Bu uşaq anadangəlmə ağır inkişaf qüsuru ilə doğulub. Eyni zamanda anadangəlmə bir böyrəyi olmayıb. Birinci mərhələdə əməliyyat olunub. Bağırsağın ucu çölə çıxarılıb. İkinci əməliyyatın ağır olacağı barədə valideyinlərinə məlumat verilib. Bildirilib ki, əməliyyat mürəkkəbdir və uzun çəkəcək. Təbiİ ki, mürəkkəb əməliyyatın fəsadı çox olur. Nə qədər sadə olsa, bir o qədər fəsadsız olur, nə qədər mürrəkkəb olsa, bir o qədər fəsadlı olur. Əməliyatdan sonra uşağın vəziyəti ağır olduğundan reanimasiyaya verdik. Tənəffüsü qismən bərpa olunub. Bir gün sonra ürək fəaliyətinin dayanması baş verdi. Reanimasiyon müdaxilədən sonra ürək fəaliyəti bərpa olundu. Bu fonda onda pnevmaniya başladı inkişaf etməyə. Uşağın bir qolunda dəri və dərialtı toxumalarda çürümüş toxumalar götürülüb. Bu hadisə xəstaxananın xüsusi komissiyası tərəfindən araşdırılacaq", - Gündüz Ağayev bildirib.


Əməliyat zamanı
"Azərbaycanda son illərdə yeni doğulmuşlar arasında ölüm əmsalı təxminən 10 promilledir, yəni hər 1000 yenidoğulan uşaqdan 10-u dünyasını dəyişir. Ancaq asfiksiya, vaxtından əvvəl doğulma və sepsiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər hələ də qalıb". Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu, SN-nin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov bildirib. Uşaq ölümlərinin sayının əvvəlki illərə nisbətən azaldığını deyən R.Hüseynov bildirib ki, hər bir uşaq ölümü faktı araşdırılır.

R.Hüseynov qeyd edib ki, yeni doğulmuşların ölümlərinin ikinci əsas səbəbi uşağın ana bətnində infeksiyalara yoluxması və sonradan yaranan septiki proseslər, uşaqlarda həyatla uyğunlaşmayan daxili orqan və sistemlərin qüsurlarıdır.

Səhiyyə nazirliyi Azərbaycanda həkimlərə inamın azalması barədə düşünüb bunun qarşısına alma yönündə lazımı işlər görməlidir. Son zamanlara müalicə üçün digər ölkələrə gedənlərin sayı artmaqda davam edir. Bunun səbəbi yerli həkimlərə olan inamsızlıqdır.


Körpənin qolu çürümüş haldadır