“Füzuli kənd təsərrüfatı məhsulları ilə özünü təmin edəcək”

26 Fevral 2016 11:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə Kərimbəyli kəndində əhalinin həyatyani torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsləhət və tövsiyyələrini verib.

Bildirilib ki, Kərimbəyli kəndinin qaz, işıq, su və digər sosial qayğıları dövlət tərəfindən tam təmin edilib. Kənddə məktəb, uşaq bağçası, kitabxana, poçt məntəqəsi, klub fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub, kəndarası yollar asfaltlanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Kərimbəyli kənd sakinləri ilə görüşündə qeyd olunub ki, 372 təsərrüfatın mövcud olduğu kənddə əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Kərimbəyli kəndində əhalinin şəxsi təsərrüfatlarında 1700-dən artıq iri buynuzlu, 3000 çox xirda buynuzlu mal qara və qoyun-keçi vardır. Hazırda kənddə həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün şum aparılıb, şəxsi təsərrüfatda iri meyvə bağları və iki ədəd istixana yaradılıb.

Kənd sakinləri də rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər. Füzulinin kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı əvvəlki şöhrətinin geri qaytarılması təşəbbüsünü birmənalı olaraq dəstəkləyiblər.