MHP Türkiyə parlamentinin Xocalı soyqırımını tanımasını tələb etdi – Video
26 Fevral 2016 11:41 (UTC+04:00)
Bu barədə MHP-nin Manisa millət vəkili Erkan Akçay TBMM-in iclasındakı çıxışında danışıb.
E.Akçay Türkiyənin Xocalı soyqırımını tanıyan ölkələrin sırasında olmasının vacibliyini deyib:
"1992-ci il fevralın 25-dan 26-na keçən gecə Azərbaycan türkləri Qarabağda, Xocalıda vəhşicəsinə qətlə yetiriliblər.
Xocalıda həmin gün çoxu qadın və uşaq olmaqla, yüzlərlə insan şəhid edilib. Aradan keçən iyirmi dörd il ərzində üzüntümüz və əliqanlı qatillərə qarşı nifrətimiz azalmayıb.
Xocalıda baş verənlər tərəddüdsüz, soyqırımıdır. Beynəlxalq hüquqda soyqırımı milli, etnik, irqi və ya dini qrupun qismən, yaxud da tamamilə məhv edilməsidir.
Xocalı qətliamını soyqırımı kimi qəbul edən ölkələr bunlardlr: Azərbaycan, Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya-Herseqovina, Peru, Honduras və Sudan.
Yaxşı, bəs Türkiyə Cumhuriyyəti? Milliyyətçi Hərəkat Partiyası olaraq, bu olayın soyqırımı kimi tanınması üçün Türkiyə Böyük Millət Məclisinin bu yöndə iradə göstərməsini istəyirik.
Bu məsələ ilə bağlı İstanbul millət vəkili Atilla Kaya 26 fevralın Xocalı soyqırımını anım günü kimi qəbul edilməsini ehtiva edən qanun layihəsini Məclisə təqdim edib.
Xocalı - milli qürurdur, Xocalı Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Xocalını unutmadıq, unutdurmadıq.
Bu təşəbbüsümüz Xocalı üçün, o cümlədən insanlıq üçün ədalətdir".