Elmar Vəliyev işdən qovduğu müavinindən danışdı - EKSKLÜZİV AÇIQLAMA

8 Noyabr 2012 11:35 (UTC+04:00)
Gəncə Şəhər İcra Hakimiyyətinin (İH) başçısı Elmar Vəliyev birinci müavini İlham Əlizadənin vəzifəsindən kənarlaşdırılmasının səbəbini açıqlayıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, E.Vəliev Gəncə şəhər Dövlət Universitetinin tələbələri ilə görüşü zamanı birinci müavini İlham Əlizadə barəsində belə deyib: "Mən ona etimad göstərdim, bacarığına inanıb, birinci müavinim təyin etdim. Amma çox təəssüf ki, İ.Əlizadə zamanla ayaqlaşıb, sürətli quruculuq işlərini apara və vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədi. Onun tutduğu vəzifədən kənarlaşdırılmasının səbəbi də məhz budur".

Qeyd edək ki, noyabrın 3-də Gəncə Dövlət Universitetinin tələbələri şəhərin başçısı E.Vəliyevlə görüşdə fikirlərini və problemlərini - universitetdə müasir iclas zalının olmamasından, yataqxananın yoxluğu, imkansız, lakin istedadlı uşaqların ingilis dili kurslarından istifadə edə bilməməsindən, tələbə poliklinikasının fəaliyyətsizliyindən, laborotoriyaların yarasızlığından, tələbələrə təqaüdlərin 3 aydır verilməməsindən və başqa problemlərdən söz açıblar.

Tələbələr ictimai nəqliyyatın ləngimələrlə işləməsi, əyləncə mərkəzlərinin olmaması və ən başlıcası coğrafiya ixtisasının praktik təcrübəsinin keçirilməsi üçün şəraitin yoxluğundan da bəhs ediblər.

Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin Gəncə şöbəsi əməkdaşlarının tələbələrlə kobud rəftarının yolverilməz olduğunu deyən E.Vəliyev bunun təcili araşdırılacağını deyib, problemlərin həlli ilə bağlı tapşırıqlar verib.

Bildirək ki, hazırda Gəncə şəhər İH başçısının birinci müavini vəzifəsi boş qalıb.

Vasif Həsənli
AzNews.az