İlhamə Quliyeva – dərdli qadın niyə belə öldü

26 Fevral 2016 18:30 (UTC+04:00)



Bu qədər var-dövlətin, hörmətin, adın-sanın, mükafatın, ləl-cavahiratın olsun, amma ölünü yerdən Əli Mirəliyev götürsün...
İlhamə Quliyeva da öldü. Gerçəkliyə az oxşayır. Elə buna görə haqqın dərgahına qovuşmasına hələ də inanmayanlar var. Elə biri özüm.

Onun ölüm xəbərini alan kimi evinə yollandım. Yol boyu İlhamə xanımla bütün danışıqlarım kino lenti kimi gözümün önündən keçdi. Hətta kəndimizdə olan bir hadisəni də xatırlamağa vaxt tapdım. Bir firon qadın vardı, yetənə yetərdi, yetməyənə daş atardı. Elə bir ailə yox idi ki, ona pislik eləməsin. Bir gün onun ölüm xəbəri gəldi. Yadıma gəlir, təəccüb içində olan kəndlilərdən biri hisslərini bu sözlərlə ifadə etmişdi: "Əzrayıla da Əzrayılın gücü çatarmış".

Bu düşüncələr içində İlhamə xanımın evinə çatdım. Binanın qarşısında camaatın görəndə inandım. İnandım ki, deyəsən, o yoxdur, bir də gəlməyəcək.

Nədənsə mərhumun qara xəbərini alan həmkarlarından bir-ikisi gözə dəyirdi. Məni də düşündürən məhz bu sual oldu. Bu qədər var-dövlətin, hörmətin, adın-sanın, mükafatın, ləl-cavahiratın ola, amma sənin bəd xəbərinə gələnləri Əli Mirəliyev qarşılaya, ölünü Əli Mirəliyev yerdən götürə. Yəni İlhamə xanım bu qədərmi tək və çarəsiz idi? Görünən odur ki, yaxınları, doğmaları, hətta ətrafı böyük olsa belə o, həqiqətən tək və kimsəsizmiş. İlhamə xanım dərdli qadın idi. Lakin onun bəxti burada gətirmişdi. Heç kim, milyonlarla tamaşaçı onun dərdli qadın olduğunu bilmədi. Kənardan varlı görünsə də, əslində, qadın kimi heç nəyi yox idi. Qadın kimi kasıb idi İlhamə.

Bu qədər mahnıların ifaçısı yaşadığı bu fani dünyada nə qadın kimi qadın oldu, nə də ana kimi ana. Bircə dəfə ər yanına düşmədi, həyat yoldaşı ilə qol- boyun olub məclislərə girmədi. Bir gün belə ər çörəyi yemədi, ər nəvazişi görmədi. Tanrı ona bir övlad payı da vermədi.

Mənə elə gəlir ki, o, sadəcə bu dərdlərdən pərdələnərək özünü xoşbəxt kimi göstərirdi… İlhamə xanım bu dərdləri içində çəkirdi. "Axı niyə mən qadın kimi xoşbəxt ola bilmədim" dediyi anlarda ətrafından, yan-yörəsindən tənələr yeyirdi. Xüsusi ilə də sənət yoldaşlarından. Biri qurtarmamış, ikincisi başlayırdı. İttiham ittiham ardınca…

Onunsa bircə dərdi vardı - qadın-ailə xoşbəxtliyi. Ömür boyu bunu axtardı, arzuladı. "Ay Allah, kaş mənim də gözəl bir ailəm, ərim olaydı, xəstələnəndə əlimdən tutardı, öləndə başımın üstündə olaydı" - deyirdi.

İlhamə xanım hər dəfə bunları xəyalında yaşadıqca bir pillə ölürdü.
Olmadı, olmadı, İlhamə xanım… Siz dünyaya tək gəldiyiniz kimi tək də getdiniz. Bəlkə bu dünyada sahib ola bilmədiyiniz qadın xoşbəxtliyini o dünyada tapmaq ümidiylə…

Allah rəhmət eləsin!