UEFA-nın baş katibi FIFA prezidenti oldu

26 Fevral 2016 21:44 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün İsveçrənin Sürix şəhərində FIFA prezidenti seçkiləri keçirilib. Qurumun Növbədənkənar Konqresində prezidentlik uğrunda UEFA-nın baş katibi Canni İnfantino, İordaniya Şahzadəsi Əli bin Əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə, sabiq FIFA baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparıblar. İlk turda yeni prezident müəyyənləşməyib. Belə ki, C.İnfantino milli federasiyalardan 88, Şeyx Salman 85, Əli bin Əl-Hüseyn 27, J.Şampan isə 7 səs qazanıb.

Beləliklə, I turda namizədlərdən heç biri tələb olunan səslərin 2/3-ni toplaya bilmədiyi üçün FIFA prezidenti növbəti turda müəyyənləşib. Bu turda C.İnfantino 207 səsdən 115-ni yığmaqla ən yaxın rəqibi Şeyx Salmanı (88 səs) qabaqlayaraq prezident seçilib.

Xatırladaq ki, konqresdə AFFA prezidenti Rövnəq Abdullayev, qurumun vitse-prezident Elşad Nəsirov və baş katibi Elxan Məmmədov da iştirak ediblər.