Ayaz Mütəllibov prezident seçkilərinə qatılmayacaq

8 Noyabr 2012 12:15 (UTC+04:00)


Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) gələn il ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcəklərini elan edib. ASDP-nin həmsədri Araz Əlizadə AzNews.az-a bildirib ki, artıq bu barədə partiyanın qurultayında müvafiq qərar qəbul olunub.

Hazırda ASDP-nin 3 mindən çox üzvünün olduğunu vurğulayan A.Əlizadə deyib ki, gələn il keçiriləcək prezident seçkilərində partiyanın namizədinin adı hələlik məlum deyil. Onun sözlərinə görə, seçkilərdə partiyanın namizədini qurultay müəyyən edir: "Əgər partiyamızın namizədi qeydə alınmasa, partiyamızın üzvləri öz seçimlərində tam azaddır".

"Seçkilərdə ASDP-nin namizədi Ayaz Mütəllibov ola bilər?" sualına isə A.Əlizadə belə cavab verib: "Ayaz müəllim artıq siyasətdən getdiyini bəyan edib. Siyasətdən gedən insan prezidentliyə namizəd ola bilməz".

Vasif Həsənli
AzNews.az