Partiya sədri Türkiyədə kimlərlə görüşüb?

8 Noyabr 2012 13:47 (UTC+04:00)
Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov noyabrın 3-dən 7-dək Türkiyədə səfərdə olub. O, Milliyyətçi Hərəkat Partiyasının (MHP) genel başqanı Dövlət Baxçalının dəvəti partiyanın noyabrın 4-də keçirilən 10-cu qurultayında iştirak edib.

Ədalət partiyasının mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, İ.İsmayılov qurultayın ertəsi günü Milliyyətçi Hərəkat Partiyasının qərargahında D.Baxçalı ilə görüşüb. İlyas İsmayılov Dövlət Baxçalını yenidən genel başqanı seçilməsi münasibəti ilə təbrik edib. "Ədalət" sədri həmçinin bildirib ki, MHP-nin və onun rəhbərinin indiyə qədərki fəaliyyətlərini daim izləyir və təqdir edirlər.

Qurultayda iştirakına və təbrik sözlərinə görə təşəkkürünü bildirən Dövlət Baxçalı da Ədalət Partiyasının sədri və Azərbaycan Milli Məclisinin üzvü kimi İlyas İsmayılovun fəaliyyətini yaxından izlədiyini vurğulayıb və Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı üçün göstərdiyi səylərə görə ona minnətdarlığını bildirib. Görüşdə iki dost partiya arasında əlaqələrin gücləndirilməsi zəruriliyinə də toxunulub.
Partiya sədrləri sonda xatirə şəkli çəkdiriblər.

İlkin Pirəli
AzNews.az