Qıpçaqlar. Oğuz- səlcuqlar. Və Azərbaycan

8 Noyabr 2012 13:52 (UTC+04:00)


III yazı

Eramızın ilk əsrlərindən başlayaraq Azərbaycanda məskunlaşan türklərin (qıpçaqların) etnocoğrafi mövqeyini IX-XI əsrlərdə tədricən intensivləşən oğuz-səlcuq yürüşləri möhkəmləndirir. Mərkəzi Asiyadan başlayıb Xəzərin Cənubundan keçməklə Anadoluya doğru istiqamətlənən (və orta əsrlərin sonlarına qədər mərhələlərlə davam edən) bu yürüşlər, hun-qıpçaq axınlarından fərqli olaraq, daha çox hərbi-siyasi xarakter daşıyırdı.

Və bir fərq də ondan ibarət idi ki, oğuz-səlcuqlar artıq islam dinini qəbul etmiş, yaxşı təşkilatlanmışdılar. Onların saraylarında türk dili ilə yanaşı fars, ərəb dilləri də böyük nüfuza malik idi. Çünki oğuz-səlcuq əsilzadələri özlərini yalnız türk kimi deyil, həm ərəb, həm fars, həm də bir türk kimi hiss edir, yəni bütövlükdə müsəlman dünyasının övlad-varisləri sayırdılar.

Azərbaycanda Atabəylər dövlətini yaradan oğuz-səlcuqlar tədricən Anadoluya- Bizansa öz passionar güclərini göstərməyə başladılar. Və XI-XIII əsrlərdə böyük bir ərazini zəbt edərək dövlətlərini qurdular. Anadolunun (nəticə etibarilə, İstanbulun) fəthi XIII əsrdən sonra-osmanlılar dövründə də davam etdi.

Azərbaycanda (eləcə də Şərqi Anadoluda) oğuz- səlcuqların tarixi missiyasını əks etdirən ən mühüm tarixi-ədəbi mənbə "Dədə Qorqud" eposudur. Epos Azərbaycanın (və Şərqi Anadolunun) türkləşməsinin ikinci dövrünü olduqca aydın detal və təfərrüatlarla təqdim edir. Maraqlıdır ki, regiona yürüş edən oğuzların qarşısında artıq yerli əhaliyə çevrilmiş qeyri-müsəlman (kafır) qıpçaq türklərini, daha uzaqlarda (Qərbdə) isə yunanları görürük ki, bu da regionun etnik tərkibi barədə obyektiv təsəvvür yaradır.

Odur ki, erməni, eləcə də gürcü mənbələrinin IX-XI əsrlərdə - I minilliyin sonu II minilliyin əvvəllərində erməni və ya gürcülərin Qafqazın Cənubunda hansısa ciddi etnik-siyasi hadisə olmaları barədəki məlumatları böyük şübhə doğurur. Və xristian missionerliyinin gələcəyə-təbliğata hesablanmış xəyalpərəst iddialarından başqa bir şey deyildir.

Oğuz-səlcuq türklərinin Azərbaycanın həm Cənubunda, həm də Şimalında yayılması əhəmiyyətli bir maneə ilə qarşılaşmır. Artıq qeyd etdiyimiz kimi yalnız Şimalda qıpçaq türklərinin o qədər də davamlı olmayan müqavimətindən danışmaq olar... Bunanla belə nəzərə almaq lazımdır ki, oğuz-səlcuq yürüşlərinin əsas istiqaməti Qərbə-Anadolunun içərilərinə doğru olduğundan nə Cənub-Qərb, nə də Şimal Qərb istiqamətləri strateji əhəmiyyət kəsb etmirdi.
Azərbaycanda məskunlaşan (və Azərbaycan xalqının formalaşmasını təmin edən!) oğuz-səlcuqlar arxasınca regiona əsasən oğuzların, müəyyən qədər isə digər türk etnoslarının axınları XVI əsrə qədər davam etdi. Monqol- tatarların, Əmir Teymurun, Qaraqoyunluların və Ağqoyunluların yürüşləri formalaşmaqda olan Azərbaycan xalqının etnik tərkibini (potensialmı!) gücləndirdi. Və eramızın ilk əsrlərindən başlayan proses orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər kəsilmədən davam etdi.

Oğuz-səlcuq yürüşləri XIII əsrdən başlayaraq Anadoluda - Kiçik Asiya yarımadasında (sonralar isə Balkanlarda) digər bir oğuz-türk xalqının Osmanlıların (nəticə etibarilə, Türkiyə türklərinin) əsasını qoydu.
Biri digərinə çox yaxın olan türkmənlər, Azərbaycan və Türkiyə türklərinin etnik-coğrafi əsasları müxtəlif dövrlərdə qoyulsa da, onların müstəqil bir xalq kimi formalaşması, demək olar ki, eyni dövrə - XVI-XVII əsrlərə təsadüf edir. Əsasları eyni "etnik material"dan olan müasir türkmən, Azərbaycan və türk xalqlarının orta əsrlərin sonlarına doğru müstəqil xalqlar kimi meydana çıxmalarının etnik-coğrafi, siyasi, dini və s. səbəbləri vardır ki, bunlar bir kompleks halında oğuz türklərinin həmin xalqlara bölünməsini şərtləndirmişdir.


Azərbaycan xalqının təxminən min beş yüz illik təşəkkül-formalaşma tarixini biri digərinin bilavasitə davamı olan aşağıdakı dövrlərə bölmək mümkündür:

1) hun- qıpçaq türklərinin məskunlaşması dövrü (eramızın ilk əsrlərindən I minilliyin sonu II minilliyin əvvəllərinə qədər);

2) oğuz-səlcuq türklərinin məskunlaşması dövrü (I minilliyin sonu II minilliyin əvvəllərindən orta əsrlərin sonu yeni dövrün əvvəllərinə qədər).
Bununla belə nəzərə almaq lazımdır ki, birinci dövr Azərbaycanın türkləşməsinin başlanğıcı olsa da, Azərbaycan xalqının təşəkkül-formalaşma prosesində əsas rolu ikinci dövr oynayır.

Və beləliklə, Azərbaycan xalqının eramızın ilk əsrlərindən başlayan təşəkkül-formalaşma tarixi orta əsrlərin sonu yeni dövrün əvvəllərində - XVI-XVII əsrlərdə başa çatır.