Göygöldə dəhşətli qətl - 93 yaşlı kişinin boğazını kəsdilər (Video)

29 Fevral 2016 22:45 (UTC+04:00)

AzNews.az-ın APA TV-yə istinadən məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1923-cü il təvəllüdlü Kamil Məmmədov yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Kənd sakinlərinin dediyinə görə Kamil kişinin 2 oğlu və 4 qızı olmasına baxmayaraq, övladları Bakıya köçdüyünddən o, uzun illərdir tək yaşayır.

Axırıncı dəfə onu ötən həftənin şənbə görüblər.

Əflatun Quliyev: "Kişi mağazadan gəlirdi, salam verdim. Əlində şəkər tozu, ət var idi. Halını xəbər aldım, dedi yaxşıyam. 3-4 gün əvvəl gördüm onu. Sonra heç bir şey görməmişəm"

Teymur Aydınov: "Sağlam kişi idi. Mağazanın qabağına gəlirdi, deyib-gülürdü, söhbət edirdi. Bunu hansı səbəbdən öldürdülər?"

Məlumata görə 93 yaşlı kişinin övladları onunla tez-tez telefonla əlaqə saxlasalar da, dünən və bu gün telefona cavab vermədiyindən qonşuya zəng ediblər. Qonşular Kamil kişinin evinin qapısının çöl tərəfdən bağlı olduğunu görsələr də, onun içəridə olduğunu ehtimal edərək mənzilə daxil olublar və 93 yaşlı Kamil Məmmədovun boğaz nahiyəsinin kəsilərək qətlə yetirdiyini aşkar ediblər.

Faktla bağlı Göygöl rayon Prokuroluğunda cinayət işi açılıb, istintaq gedir.

Kamil Məmmədov Böyük Vətən müharibəsinin iştirakçısı olub.