Neftçilər prospekti piyada zonasına çevrilərək bulvara birləşdiriləcək

1 Mart 2016 12:23 (UTC+04:00)

"Bakının baş planı" adlanın bu layihədə paytaxtın sistemli inkişafı üçün çoxsaylı işlər nəzərdə tutulub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, hazırda Nazirlər Kabinetində baxılan layihədə əsas məsələ sənaye müəssələrinin mərkəzdən kənara çıxarılmasıdır.

"Bundan başqa dənizkənarı bulvarın 25 km-ə qədər artırılması, sahil zolağı üzrə mövcud ərazinin 200 metrə qədər genişləndirilməsi və genişlənən ərazidə əyləncə obyektlər, isitrahət zonaları, park və bağların yaradılması, o cümlədən Bayıldan Nobel prospektinə qədər magistral yolun çəkilməsi və Neftçilər prospektinin piyada zonasına çevrilərək bulvara birləşdirilməsi, Dövlət Bayraq meydanı ilə yanaşı neft muzeyi və akademiyasının, həmçinin müasir incəsənət muzeyi və tarix muzeyinin yaradılması təklif olunur. Layihədə həmçinin Türkan və Hövsan yaşayış məntəqələri ilə əlaqələndirilən və 2000 ha ərazini əhatə edən Yeni Türkan qəsəbəsinin də yaradılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33333,29 hektar ərazini əhatə edən "Məxsusi Bakının Ərazidən istifadə və zonalaşdırma planı" təşkil edir".

modern.az