İmperiyanı lərzəyə salan bakılı balası - Həyat hekayəsi

1 Mart 2016 17:09 (UTC+04:00)

1969-cu ilin may ayı. Moskva. Mustafa Cəmilov, Vladimir Borisov, Leonid Plyuş, Sergey Kovalyov, Tatyana Velixanova, Yuri Maltsev, Viktor Krasin (hamısı Moskva) və İlya Qabay SSRİ-də insan haqlarının müdafiəsi üzrə "Təşəbbüs qrupu" adlı qurum təsis edirlər. Qrupun əsas vəzifəsi SSRİ-də insan haqlarının müdafiəsini təşkil etmək, haqsızlıqlara və zorakılıqlara, dini, irqi ayrı-seçkiliklərə məruz qalan insanların siyahısını tutaraq, beynəlxalq təşkilatlara ünvanlamaq, eyni zamanda rejimdən bunlara son qoyulmasının tələb etmək idi.

Qrup haqda dərhal KQB-də xəbər tuturlar. Təsisçilərin dosyesi dərhal SSRİ KQB-nin o vaxtkı sədri Yuri Andropovun stolunun üstünə gətirilir. Andropov tərəddüd etmədən göstəriş verir: dərhal həbs edilsinlər. "Təşəbbüs qrupu"nun 15 üzvündən 9-u dərhal saxlanılır. Onlara qarşı SSRİ-yə böhtan və ləkə atmaq, imperialist qüvvələrə xidmət etmək kimi maddələr irəli sürülmüşdü. Həmin ilin sentyabrında isə növbə Mustafa Cəmilova çatır. Cəmilova qarşı "Sovet dövlət və ictimai quruluşuna böhtan atmaq" ittihamı ilə cinayət işi başlanılır. Onun işi Pyotr Qriqorenko və İlya Qabayın cinayət işləri ilə birləşdirilir. Bir vaxtların məşhur hərbçisi, general Pyotr Qriqorenkoya, həmçinin şair İlya Qabaya qarşı da eyni maddəyə ilə cinayət işi qaldırılmışdı. Onların işi baxılmaq üçün Moskvadan çox uzaqlara, Daşkəndə göndərilir. Amma Mustafa Cəmilov və İlya Qabay özlərinə qarşı irəli sürülən bu ittihamları rədd edirlər. Şahidlərin dediyinə görə, Daşkənddə keçirilən məhkəmə prosesi zamanı hər gün binanın önünə yüzlərlə Krım tatarı yığılaraq qondarma məhkəmə oyununa son qoymağı tələb edirmiş. Ona görə də məhkəmə binasının mühafizəsinə yüzə yaxın əlisilahlı hərbçi, DTK əməkdaşı və milis cəlb olunurmuş. 1970-ci ilin yanvarında Daşkənddə keçirilən qurama məhkəmə hüquq müdafiəçisi İlya Qabayı ümumi rejimli islah əmək koloniyasında cəzasını çəkməklə 3 il həbs cəzasına məhkum edir. Daşkənddən çox uzaqlara, Kemerovoya sürgün edilir. Mustafa Cəmilov isə məhkəmə cəzasını sərt rejimli islah əmək koloniyasında çəkməli olur. General Qriqorenkonu isə dəlixanaya salırlar. O, 5 il dəlixanada məcburi müalicə olunmalı idi...

***


Zaman 1973-cü il oktyabrın 20-i. Həmin gün həyat yoldaşı Qalina da heç nədən şübhələnməmişdi. Bir yerdə səhər yeməyi yemişdilər. Qalina işə getmişdi. İlya isə süfrəni yığışdırandan sonra balkona çıxıb bir siqaret çəkmişdi. Sonra… Sonra heç, adi bir dəftər vərəqinə bu sözləri yazmışdı: "Məni Bakıda dəfn edərsiz". Kağız parçasını stolun üstünə qoyub yenidən balkona qayıtmışdı. Və…


11-ci mərtəbədən atmışdı özünü. Yerə düşən kimi isə canını tapşırmışdı. Təcili yardımın vaxtında gəlməsi də ona kömək etməmişdi. Və Qabayı, bu yəhudi balasını öz xahişiylə Bakıda basdırmışdılar. Çünki bakılıydı…

1935-ci il oktyabrın 9-u Bakıda, müəllim ailəsində anadan olmuşdu. Valideynlərini erkən itirmişdi. Onu qohumları böyütmüşdü. Hətta bir müddət uşaq evində də qalmışdı. Bütün sovet gəncləri kimi sovet ordusunda xidmət etmişdi. Ordudan qayıdan kimi Moskva Dövlət Pedaqoji İnstitutunu bitirmişdi. Bakıya qayıtmamışdı. Elə Moskva ətrafındakı qəsəbələrin birində rus dili və ədəbiyyatından dərs deyirdi.


Gənc İlya Moskva mühitində gələcəyin dissidentləri ilə tanış olmuşdu. Onların arasında ən çox dostluq etdiyi isə fizik Valeri Nikolski idi. Məhz Nikolski gənc İlyanı gizli dərnəyə cəlb etmişdi. İlya və dostları ilk dəfə 1965-ci ilin 5 dekabrında özlərindən söz etdirdilər. Aleksandr Yesenin-Volpin, Valeri Nikolski və rəssam Yuri Titovun təşkilatçılığı ilə Moskvanın mərkəzində Puşkin meydanında SSRİ-də ilk siyasi etiraz aksiyası keçirildi. 200-dək insan "Sovet Konstitusiyasına hörmət edin" şüarıyla vur-tut bircə saat Puşkin meydanında qərar tuta bildilər. KQB mitinqi dağıda bildi. 20 nəfərədək şəxs həbs edildi. Onların arasında İlya da vardı. Amma tutulanlar KQB-də, necə deyərlər, profilaktik söhbətdən sonra azadlığa buraxıldılar.
Vur-tut iki il sonra isə yenə həmin meydanda keçiriləcək növbəti mitinqin təşkilatçılarından biri məhz İlya olacaqdı.

21 yanvar 1967-ci ildə onlar yenə Puşkin meydanına yığışmışdılar. Mitinqçilər Yuri Qalanskov, Vera Laşkova, Aleksey Dobrovolski və Pyotr Radziyevskinin azad edilməsini tələb edirdilər. Aksiya yarım saat çəkmişdi. KQB hamını pərən-pərən salmışdı.

…Onun dalınca yanvarın 26-da gəldilər. Heç milis idarəsinə belə aparmadılar. İlya üçün artıq "Lefertovo" həbsxanasında kamera da hazırlanmışdı. O, ictimai asayişi pozmaqda ittiham edilirdi. Qabay 5 ay Lefortovoda qalır. Mayın 26-da isə həbsdən azad olundu.



Amma Qabay dinc dayanmadı. 1968-ci ilin yanvarında Yuli Kim və Pytor Yakirlə birgə "Sovet elm, mədəniyyət və incəsənət xadimlərinə müraciət" adlı manifest yazdı. Müraciətdə SSRİ-də siyasi təqiblərə son qoyulması barədə ciddi ittihamlar və çağırışlar vardı. KQB bundan sonra Qabayı izləməyə başlayır. Onun telefonu dinlənilir. Qabay KQB-dəki dostları vasitəsi ilə bundan xəbər tutsa da, amma antisovet fəaliyyətindən dönmür... Bir az da irəli gedir. Krım tatar hərəkatının lideri Mustafa Cəmilov, onun yaxın ətrafında olan Zemfira Asanova, Rolan Kadıyevlə tanış olur. Krım tatarlarının pozulmuş hüquqları ilə bağlı müxtəlif sənəd və bəyanatların hazırlanmasında iştirak edir.
1969-cu il aprelin 2-də KQB onun mənzilində axtarış aparır və külli miqdarda antisovet ədəbiyyat müsadirə edilir. 13 gün sonra onun dosyesi Andropova da yox, birbaşa Brejnevə təqdim edilir. Andropov SSRİ rəhbəri qarşısında Qabay və yaxın dostu Marçenkonun sovet vətəndaşlığından məhrum edilməsi barədə vəsatətlə çıxış edir. Leonid İliçə Qabaydan qurtulmağın tək yolunun bu olduğunu deyir. Brejnev isə tərəddüd edir. İki gün sonra sənədləri arxivə göndərir. Və vəsatəti rədd edilir.


Amma vur-tut ay yarım sonra, mayın 19-da Qabay evinin qarşısında həbs olunur. Ona ailəsinə məlumat verməyə belə qoymurlar. Aeroporta gətirib birbaşa Daşkəndə, xüsusi izolyatora göndərirlər. Məlum olur ki, Mustafa Cəmilov və digər dissidentlər də artıq bura gətirilib. Onlar "Sovet dövlət və ictimai quruluşuna böhtan atmaq" maddəsi ilə ittiham olunurdular.

Məhkəmədə son sözlə ilk olaraq Mustafa Cəmilov çıxış edir. "Krım tatar xalqına qarşı qəddar repressiyalara etiraz olaraq, bu xalqın müqəddəs hüququnun – Vətənə olan hüququnun tapdanmasına etiraz olaraq, bizim ölkədə insan hüquqlarının kobud surətdə pozulmasına etiraz olaraq, mən Krım tatar xalqının milli hərəkatının iştirakçısı kimi, SSRİ-də insan hüquqlarının müdafiəsi üzrə Təşəbbüs qrupunun üzvü kimi otuz günlük aclıq aksiyası elan edirəm.
Mən tam dərk edirəm ki, bu aksiya mənim sağlamlığım və hətta həyatım hesabına baş verə bilər. Lakin öz milli və vətəndaş hüquqlarımın bu cür kəskin müdafiə formasına əl ataraq, mən ümid edirəm ki, bu olay bir çox insanın yatmış vicdanını oyada biləcək.
Ya Vətən, ya ölüm! Yaşasın azadlıq!".

Qabay çıxışı ayaq üstə alqışlayır. Çıxışdan sonra fasilə elan olunur. Fasilədən sonra son söz demək növbəsi Qabaya çatır. "Mən günahsızam. Günahsızlığım və apardığım mübarizənin həqiqiliyinə inamım sizdən haqqımda yüngül cəza verilməsi barədə xahiş etməyimi istisna edir. Mən sonda ədalətin qələbə çalacağına inanıram. Gec, ya tez zaman sizin çıxardığınız qərarın ədalətsiz olacağını sübut edəcək".
Qabaya 3 il iş verirlər. O, cəzasını Kemerovada çəkməli olur. Hələ Bakıda orta məktəbdə oxuyarkən şeirlər yazırmış İlya. Həbsxanada isə "Seçilmiş məkan" adlı poema yazır. Tezliklə bu poema həbsxana divarlarını aşır. İnsanlar poemanı əlyazma şəklində köçürüb bütün SSRİ-ə yayırdılar.

***



1972-ci il martın 16-da Qabayı Kemerovadan Moskvaya yatab edirlər. O, birbaşa "Lefortovo"ya gətirilir. Və tamam başqa bir iş üzrə dindirilir. Söhbət başqa bir antisovet manifest olan "Ötən günlərin xronikası"ndan gedir. Qabay manifesti tək hazırladığını deyir. Dostlarını satmır. Mayda onun həbs müddəti bitir. Amma KQB onu gözdən qoymur. Çoxlu antisovet dərnəklərin, klubların ilhamvericisi və yaradıcısı olan bu bakılı balası işə də düzələ bilmir. Ailəsini, iki uşağını dolandırmaq cəhənnəm əzabına dönür. Partiya sıralarına daxil olmaq, sovet quruluşunun tərənnümçüsü olmaq təkliflərini isə rədd edir. Sentyabrda onu yenidən KQB-ə çağırılar. Ona qarşı iki dostu Pyotr Yakir və Viktor Krasin ifadə vermişdilər. Qabay bütün ittihamları rədd edir. Onun qarşısında vur-tut bircə şərt qoyurlar. Bir neçə dəqiqəlik televiziyada çıxış etmək. Etiraf çıxışı... Rədd edir.


***

Həmin gün yenidən KQB-də dindirilməliydi. Əslində öz intiharıyla, balkondan özünü atmaqla da KQB-i çaş-baş vəziyyətdə qoyur.


Maraqlıdır ki, Qabay ateist idi. Bundan əlavə bütün dinlərdə günah sayıla biləcək bir əmələ əl atmışdı, intihar etmişdi. Amma o, dəfn olunan gün Moskvadakı pravoslav kilsəsində, Yerusəlimdəki sinaqoqda və Bakıdakı məsciddə ruhuna dualar oxunmuşdu… Bir il sonra isə heykəltəraş Vadim Sidur Bakıdakı yəhudi qəbirstanlığında onun qəbirüstü heykəlini düzəltmişdi.

Və… Və deyilənə görə, hər il sovet dissidentləri, Cəmilovun özü belə, Bakıya gəlib həmin qəbri ziyarət edirmişlər…



Lent.az