Ömrümün üçdə biri AZƏRTAC-da keçdi

1 Mart 2016 22:25 (UTC+04:00)

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyi – AZƏRTAC-ın fəaliyyətə başlamasının 96-cı ili tamam olur. Agentliyimiz 1920-ci ildə yaradılıb. Hazırda fasiləsiz olaraq 24 saat ərzində 7 dildə informasiya, 5 dildə videoxəbər yayan AZƏRTAC 40-dək ölkənin milli informasiya agentliyi ilə əməkdaşlıq edir. O bir sıra beynəlxalq media qurumlarının, eləcə də 100-dək mötəbər xəbər agentliyini birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinin, dünya üzrə bütün informasiya axınının üçdə iki hissəsini təmin edən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının üzvüdür.

AZƏRTAC-ın 21 xarici ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri fəaliyyət göstərir. Bunlar rəsmi informasiyadır.

Mənim əmək fəaliyyətimdə son 20 il xüsusilə gərgin və vacib olmuşdur. 20 ildir ki, AZƏRTAC-da işləyirəm. Fəxr edirəm ki, bu illərdə ölkəmizə qarşı informasiya blokadasının yarılmasında mənim də xidmətim var. Müstəqillik əldə etmiş ölkəmizin, dövlətimizin xarici siyasətinin təbliğində mühüm rolu olan beynəlxalq sənədlərin, Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin mühüm çıxışlarını, bəyanatlarını, müraciətlərini, digər rəsmi sənədləri, siyasi və beynəlxalq aləmdə respublikamızın haqlı mövqeyini müdafiə edən minlərlə informasiyanı, yüzlərlə vacib sənədi tərcümə edib dünyaya yaymışıq.

Bu illər ərzində Cənab Prezidentimizin əhəmiyyətini dönə-dönə vurğuladığı informasiya müharibəsinin bir əsgəri olmuşam. Ölkəmizə qarşı ədalətsiz fikir və mövqelərin sındırılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayan AZƏRTAC-ın olduqca gərgin işində mən də öz töhfəmi vermişəm. Çünki, bilavasitə, bu strateji təbliğat idarəsində, bu böyük təbliğat işinin içində olmuşam. Milli-mənəvi dəyərlərimizə aid neçə-neçə kitabın tərcüməçilərindən biri olmuşam.

Bu gün dünya informasiya agentlikləri arasında aparıcı mövqeyə çıxmış AZƏRTAC-ın 96 yaşı var. Ömrümün üçdə biri AZƏRTAC-da keçdi. İşimlə, məsuliyyətimlə qürur duyuram.