Azərbaycan və İngiltərə nazirləri görüşüb

9 Noyabr 2012 14:24 (UTC+04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londonda keçirilən Dünya Səyahət Sərgisi çərçivəsində bu ölkənin mədəniyyət və kommunikasiya naziri Ed Veyzi ilə görüşub.

Ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanovun da iştirak etdiyi görüşdə Ed Veyzi Azərbaycanda Rabitə və Kommunikasiya sərgisində olduğu zaman iqtisadiyyat və mədəniyyət sahəsində görülən işlərə və yeniliklərə valeh olduğunu deyib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, görüşdə mədəniyyət sahəsində görülən işlər, teatrlarımızda səhnələşdirilən tamaşalar və çəkilən yeni filmlərdən bəhs edən Ə.Qarayev bu il Qəbələ şəhərində keçirilmiş beynəlxalq musiqi festivalında London orkestrinin yüksək səviyyədə iştirakını xatırladıb. O, həmçinin ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər və musiqi festivalları, gələn il açılacaq dünyanın ən böyük xalça muzeyinin ölkəmizdə fəaliyyət göstərəcəyi haqqında məlumat verib.

Görüşdə eyni zamanda, qarşılıqlı maraq doğuran layihələr və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Daha sonra Ə.Qarayev həmkarını 2013-cü ildə Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.

Bahar Rüstəmli

AzNews.az