Fəlsəfə və Hüquq İnstitutunu necə xilas etməli? - Səs-küylü qovulma haqda

6 Mart 2016 22:53 (UTC+04:00)

Hansı prizmadan baxsaq, AMEA-nın tarixində Fəlsəfə və Hüquq İnstitutunun özünəməxsus yer tutduğunu görəcəyik. Bu institutun rəhbərlərinə gəldikdə, onun ilk direktoru akademik Aleksandr Makovelski (1945-1950) olub. 1959-1984-cü illərdə isə instituta məşhur alim Firudin Köçərli rəhbərlik edib. Sonrakı illərdə akademik Aslan Aslanov, professor Əli Abbasov, professor Yusif Rüstəmov rəhbər olub. Sanballı bir tarix var qarşımızda. Bununla belə, bu institutun fəaliyyətinə abstrakt zamanda baxmaq lazımdır. Zamana abstrakt baxdıqda, o, əsasən keçmiş və gələcəkdən təşkil olunur. İnstitutun keçmişi çox zəngin olub. Gələcəyi barədə isə heç nə danışmaq mümkün deyil...

Mən Yusif Rüstəmovun vaxtından bu institutda işləyirəm. Yusif müəllim fəlsəfə elmini yaxşı bilməklə yanaşı, həm də gözəl insan idi. Çalışırdı ki, institutda görülən işlər sanballı olsun. Heç vaxt şöbə müdirlərini işçilərdən fərqli tutmazdı. Dünyasını dəyişdikdən sonra onu əvəzləyən professor İlham Məmmədzadəni də institutun kollektivi qəbul edirdi. İndi də qəbul edir. O, Moskva Dövlət Universitetinin yetirməsidir. Məmmədzadə xarakter etibarı ilə liberal insandır. Ancaq son dövrlər hiss olunur ki, nəsə işlər yaxşı getmir.

Son günlər institutumuzda bir fəlsəfə üzrə elmlər doktoru və şöbə müdiri olan iki professorun işdən azad olunması buna əyani sübutdur. Bunu idarəetmədəki boşluqlardan çox, işgüzar mühitin olmaması ilə əlaqələndirmək daha düzgün olardı. İnstitutun şöbələrində çalışan əməkdaşların yazdıqları kitablar öz şöbələri və digər şöbələr üçün əhəmiyyət kəsb etmir. Keçirilən seminarlar və yazılan dissertasiyalar da belədir. Yadigar Türkel nümunəsi buna sübutdur. Onun kitabına maraq göstərilib, müzakirəyə çıxarılsa idi, belə xoşagəlməz hal baş verməzdi. Bu işləri bütövlükdə direktorun üzərinə atmaq da düzgün deyil. Deyəsən onun özü də çıxılmaz vəziyyətlə üzləşib. Daha dəhşətli problemlərlə üzləşirik. Bu institutda şöbə müdiri vəzifəsini tutan Azər Mustafayevin gördüyü əyri işlərdən kimin xəbəri yoxdur ki? Onun işi-peşəsi alim olmaq üçün müştəri axtarmaqdır. Bu adamın şöbəsindən bütün qadınlar qaçır. Səbəbini soruşan varmı? 9-cu mərtəbədə sanki xəfiyyə mühiti yaradılıb. Bəlkə bunu İlham Məmmədzadənin iradəsindən kənarda ediblər? 12-15 nəfərin bir otaqda əyləşdiyi vaxtda Xaliq Əhmədzadə adlı birisinə iki otaq veriblər. Deyir ki, otaqları ona dövlət verib. Akademiyanın prezidenti və vitse-prezidentinin adından istifadə edir. Bütün bunlarla yanaşı istədiyi vaxt direktorun otağında iclas təyin edir. Bu ikihakimiyyətlilikdən hörmətli Akif Əlizadənin və İsa Həbibbəylinin xəbəri varmı?

İnstitutdan çıxarılanların səbəbini direktorun əvəzinə bu adam əsaslandırır. Bu, harada görünüb? Elə bil ki, əmri də bu imzalayıb. Nə məsələdir? Düşüncə və təfəkkür qurumunda belə şeylərə necə yol vermək olar? İnstitutda hamı bir-birindən hürkür. Mühit belədir. Belə şəraitdə hansı fəlsəfi mühakimələr yürütmək, elmi işlə məğul olmaq mümkündür?
Mən abstrakt zaman anlayışını elə-belə işlətmədim. Heç olmasa yadınıza salın ki, bu institutda Firudin Köçərli, Aslan Aslanov, Həsən Quliyev, Zakir Məmmədov, Cəmil Əhmədli kimi böyük alimlər çalışıb. Fəlsəfəyə marağın artdığı bir vaxtda (xüsusilə gənclərin) institutda melanxoliya dərinləşir.
İndi Xaliq Əhmədzadənin "moderator.az" saytına verdiyi müsahibəyə (http://www.moderator.az/news/125082.html) diqqət edin: "Otağıma öz şəklimi vurmağımla bağlı səslənən fikir də tamamilə yalandır. Mənim bir otağımda ölkə prezidenti, şəxsiyyətinə böyük hörmət etdiyim, öz balalarım qədər sevdiyim İlham Əliyevin şəkli asılıb. Onu da vəzifəsinə görə sevmirəm. Şəxsiyyətini yaxından tanıyıram, məni və qardaşlarımı yaxşı tanıyır. Ölkə prezidentinin özünə də dəfələrlə demişəm ki, onun şəxsiyyətinə çox böyük hörmətim var. Hədsiz dərəcədə vətənpərvər, əliaçıq, millətini, xalqını və torpağını sevən biri olduğunu yaxşı bilirəm, buna şahid olmuşam. Ona görə də onun şəxsiyyətini uca tuturam və şəklini də otağımda başımın üstündən vurmuşam. Həmin otaqda bir də Türkiyənin indiki prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkli asılıb. Məni onunla o zaman baş nazir işləyən Ərdoğanın MDB məkanı üzrə siyasi müşaviri Qeybulla Qeybullayev tanış etmişdi. Mən şəxsən Ərdoğanı,  onun oğlunu tanıyıram və otaqda da İ.Əliyevdən sonra çox böyük hörmət etdiyim, şəxsiyyətini yüksək dəyələrləndirdiyim Ərdoğanın şəkli var. Öz otağımda isə ümummilli liderin şəklidir. Mən onun zamanında təhsil almışam, onun məktubu əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşam. Onun adlı təqaüdünü almışam. Onun bütün fəaliyyətini respublikamız üçün çox yüksək dəyərləndirirəm. Ona görə yox ki, o, ölkə prezidenti olub. Ona görə ki, o, Azərbaycan xalqının bir xalq kimi dünya miqyasında tanınmasına, nüfuz qazanmasına nail olub. Baxmayaraq ki, o, Azərbaycanda hakimiyyətə gələnə qədər Moskvada ona qarşı olan ədalətsizliklər səbəbi ilə iki infarkt keçirmişdi. Lakin buna baxmayaraq o, ömrünün son illərini də Azərbaycan xalqının, Azərbaycan dövlətinin inkişafına və çiçəklənməsinə sərf etdi. Bir gənc insan kimi özümü Heydər Əliyevin xidmətlərinə borclu sayıram". 

İndi bu mətni oxuyun və orada intellektli adamın izini axtarın. Bu adamın ölkə başçısına münasibətinə baxın. Özünü gənc adlandırır və özündən yaşlı prezidenti balası kimi sevdiyini deyir. Prezidentə dəfələrlə söylədiyi sözləri (?) xalaoğlusu ilə söhbət kimi danışır. Deyir ki, onu da vəzifəsinə görə sevmirəm. Adi etik çərçivə varmı bu danışıqda? Yadigar Türkeli başqaları kimi mən də qınayıram. Onu qınayanların cəsarəti çatıb, bunu da qınayacaqlarmı? Onun Sakit Hüseynovun yerinə təyin etdirdiyi Aydın Əlizadə və ona bənzər vəzifə düşkünləri bu ifadələri Facebook səhifəsində bəh-bəhlə yayırlar. Fəlsəfəni bilən adamlar belə işlər görərmi? Fəlsəfə yazıq deyilmi?

Çox baş sındırmadan bir məsələ təcili həll edilməlidir: əvvəl İlham Məmmədzadəni, sonra isə institutu xilas etmək lazımdır.

P. S. Fəlsəfə və Hüququ İnstitutu "Ginnesin rekordlar kitabı"na 42 yaşlı Xaliq Əhmədzadənin 42 kitab müəllifi olması barədə məlumat göndərməlidir. Aqata Kristidən sonra rekord təzələnmir. Məşhur tamaşada mərhum Əliağa Ağayevin dedikləri yada düşür: "Yaz ki, 6 ayı tamam olandan əmək fəaliyyətinə başlayıb".

Etibar Əliyev, fəlsəfə doktoru