Liviyaya gedən azərbaycanlı dənizçilər itkin düşdü - Gəmi aparırmışlar

7 Mart 2016 13:51 (UTC+04:00)

Bu barədə həmin şəxslərin yaxını, Türkiyədə işləyən azərbaycanlı Zaur Ağalı məlumat verib. Onun sözlərinə görə, Bakı şəhər sakinləri Salamov Namik (kapitan), Əliyev Fərid (motros) və motorçu olan, adı məlum olmayan digər həmyerlimiz "Gebze Denizçilik" adlı şirkətlə əməkdaşlıq ediblər. Onlar şirkətə məxsus "Kalkanlar 1" adlı gəmini Liviyaya aparıb orada müəyyən şəxsə təhvil vermək barədə razılığa gəliblər: "Onlar fevral ayının 20-də İzmit limanından yola düşüblər. Bir gün sonra ailələrinə zəng vuraraq bildiriblər ki, müəyyən yol qət etdikdən sonra fırtınaya düşüblər. Fevral ayının 21-dən etibarən onlardan heç bir məlumat yoxdur".

Şikayətçinin sözlərinə görə, adıçəkilən şirkətlə nə vaxt əlaqə saxlanılsa onların 3 günə ünvana çatacağı deyilməklə kifayətlənir.

"Dənizçilər son zənglərində gəminin fırtınaya düşdüyünü deyiblər"

Məsələ ilə bağlı "Gebze Denizçilik" şirkətinin rəhbəri Ərcan Dəliürək bildirib ki, azərbaycanlıların Liviyaya çatdırmalı olduqları gəmidə Yunanıstan yaxınlığında texniki nasazlıq yaranıb və buna görə həmin şəxslər mənzil başına çata bilməyiblər: "Mən kapitan Namik Salamovla dünən danışdım. Mənə texniki nasazlığın aradan qalxmadığını, ona görə də Yunanıstan sahillərində olduqlarını və gəmini təmir etdiklərini bildirdilər. 3 gün sonra özüm də onların yanına gedəcəm və vəziyyəti barədə sizi xəbərdar edəcəm. Ancaq onlar itkin düşməyib. Taleləri də qaranlıq deyil", - deyə şirkət rəhbəri bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən isə məsələnin Türkiyədəki səfirlik və konsulluq vasitəsi ilə araşdırılacağını deyiblər.

Anspress.com