88 yaşlı kişi ilə evlənib pulunu ələ keçirmək istəyən qadın həbs edildi - Foto

7 Mart 2016 23:14 (UTC+04:00)

Karabük şəhərində 88 yaşlı Niyazi Yalçın azərbaycanlı qadınla evlənmək istəyib. Tərəflər razılığa gəldikdən sonra toy gününü də martın 7-nə təyin ediblər. Lakin Türkiyədə yayımlanan evlilik proqramlarının birində azərbaycanlı qadınların fırıldağı üzə çıxıb.

Belə ki, evlilik proqramında iştirak edən bir kişi evlənmək adı ilə azərbaycanlı Natalya adlı 55 yaşlı qadının onu aldatdığını və pullarını götürüb qaçdığını deyib. Və azərbaycanlı qadının fotosu da həmin verilişdə yayımlanıb. Fotonu 88 yaşlı Niyazi Laçının nəvəsi də görüb. Və bu barədə babasına məlumat verib.

Evlilik proqramında fotosunun yayımlandığını xəbər tutan Natalya adlı qadın bu işdə ona kömək olan qohumu 43 yaşlı Samirə ilə birlikdə qaçmağı planlaşdırıblar. Onlar evdən əşyaları da götürərək taksi ilə Ankaraya qaçmağa çalışıblar. Lakin polis əməkdaşları onları yolda saxlaya bilib.

88 yaşlı kişi polisə açıqlamasında başına gələnləri danışıb: "Evlənmək istəyirdim. Bir gün dostlardan biri Ağrının Doğubayazıt bölgəsində bir nəfərin olduğunu dedi və onun atası ilə bizi tanış etdi. Biz də Ağrıya getdik. Orada Natalyanın qardaşı məndən 15 min TL istədi. Danışıb 10 min TL-yə razılaşdıq. Daha sonra Iğdıra gəlib, kartımdan 9 min TL çıxarıb, verdim. Sonra məndən bacısına 6 qızıl bilərzik almağımı istədi. Razılıqdan sonra qohumları Samirə ilə birlikdə Natalyanı Karabükə- bizə göndərdilər. Bazar günü toy üçün alış-veriş etdik. Bu gün toy olacaqdı. Amma bazar günü evlilik proqramında bu qadınların fırıldaqçı olduğunu gördük".







Musavat.com