“Bəxtiyar Vahabzadə mənlə fəxr edirdi” - Elza Seyidcahanla müsahibə

8 Mart 2016 12:48 (UTC+04:00)

"EYYUB YAQUBOV ELÇİ GƏLSƏ,"HƏ" DEYƏRƏM"

Müğənni-bəstəkar Elza Seyidcahanın AzNews.az-a müsahibəsi:

"HƏR DƏFƏ ŞEİRİMƏ DEYİRƏM Kİ, MƏN SƏNİ ELƏ-BELƏ YAZIRAM, ÖZÜMÜN DAĞ BOYDA SƏNƏTİM VAR..."



– Elza xanım, sizi evdar xanım kimi təsəvvür eləmirdim... Təəccübləndim.

– Hə, mən kənardan çox toxunulmaz görünürəm. Hərdən deyirlər ki, ay Elza, uzaqdan avanqard təsir bağışlayırsan. Gözəl sənətkarımız Könül Kərimova ilə Konservatoriyada eyni vaxtda oxumuşuq.

Bir dəfə Könül xanım mənə nə desə yaxşıdır? Səninlə üz-üzə söhbət elədiyimə inanmağım gəlmir, elə bilirdim sənə yaxınlaşmaq olmaz, salam vermək olmaz...

Könül xanım dedi ki, sən nə qədər səmimi və sadəsənmiş...

Kəramət, həmişə ondan qorxuram ki, birdən səhnədə, efirdə kimsə mənə aşiq olar, vurular, sevər, dəyərləndirər, amma həyatda üzümü görüb fikirləşər ki, kaş görməyəydim.

– Evdə yeməkləri özünüz bişirirsiniz?

– Biz evdə dörd bacı olmuşuq, hamımız yeməyimizi mətbəxdə özümüz hazırlayırıq.

– Dadlı olurmu?


– Baxmayaraq ki, mənim musiqilərim, şeirlərim müasirdir, amma yeməklərim heç vaxt elzavari olmur. Bişirdiyim yeməklər əsasən, nənələrimizin, babalarımızın üslubunda olur. Milli xörəklərimiz kimi necə deyərlər, bütün ədviyyatlarını yerində xoşlayıram.

– Elza xanım, siz nə vaxtdan şeir yazırsınız?


– Uşaqlıqdan. Amma hər dəfə şeirimə deyirəm ki, mən səni elə-belə yazıram, özümün dağ boyda sənətim var...

– Hər gün yazırsınız?

– Daha çox mövzulardan asılıdır. Səhərdən yerimdə qurcalanıram, bir-iki mövzu vardı, yazıb rahatlaşdım.

– Uşaqlıqdan yazsanız da, şeirləriniz son illərdə çap olunmağa başladı, eləmi?

– Hə, demək olar ki, 2013-cü ildən gündəmə gəldim. "Tək" adlı satirik bir şeirim vardı. Hərə öz başa düşdüyü şəkildə o şeiri paylaşıb məhşurlaşdırdı.

– Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz?

– Xeyr...

– Bəs niyə üzv olmursunuz?

– Bir dəfə Qəşəm Nəcəfzadənin yanında oldum, onunla məsləhətləşdim. Dedim, şeirlərim ingilis, rus dillərində tərcümə olunub. Qəşəm müəllim dedi ki, AYB-yə üzv olmaq üçün Azərbaycan dilində kitabınız çıxmalıdır.


"ANARA BELƏ SÖZ DEMƏYİ ÖZÜMƏ YARAŞDIRMARAM"


– Niyə Anar müəllimə müraciət eləmirsiniz ki?

– Axı mən heç bir zaman özümə şair deməmişəm, gedib Anar müəllimə belə bir söz deməyi özümə yaraşdırmaram. Amma Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nüsrət Kəsəmənli, Anar müəllim kimi insanlarla mənim görüş xatirələrim var. Sadəcə, bəziləri kimi mən bu münasibətlərdən istifadə etməmişəm.

– Doğrudan Bəxtiyar müəllimlə xatirələriniz var?

– Hə... Mənim haqqımda qəzetdə 1998-ci ildə "Naz et mənə, ey sevgili canan" adlı bir yazı getmişdi. Bəxtiyar Vahabzadə o yazını oxuyub məni axtarmağa başlamışdı. Təcili sürətdə Konservatoriya ilə əlaqə saxlayıb telefon nömrəsini qoymuşdu ki, Elza mənə zəng eləsin.

Zəng elədim, Bəxtiyar müəllim məni evinə çağırdı. Düzü, bir az narahat oldum, ona görə də tək getmədim. Qonşumuzda bir qız var, onu da götürüb Bəxtiyar müəllimgilə getdim.

Dedi, qızım, mən bu yazını oxumuşam, fəxr edirəm ki, Azərbaycanın sənin kimi gələcəyi var, daha gələcəyimizdən narahat olmaya bilərik Mənə bir kitabını verdi, orada şeirlərini işarələyib dedi ki, mənim arzumdur ki, sən "Amandan amana" qəzəlimə mahnı bəstələyəsən...

– Bəstələdiniz?

– Yox, evə gələndən sonra Bəxtiyar müəllimin kitabda işarələdiyi şeirlərin heç birinə mahnı yazmadım. Amma onun "Vətən var" şeirinə musiqi bəstələdim. Zəng elədim Bəxtiyar müəllimə, təzədən evlərinə getdim. Dedi, qızım, mən sənə asan şeirlər işarələmişdim, sən bu cür çətin qəzələ mahnını necə bəstələmisən?

Bəxtiyar Vahabzadə mənə dedi ki, sən Qara Qarayev səviyyəsində əsər yazmısan. Bunu orkestr çətin ifa edər, bunu səndən başqa heç kəs oxuya bilməz və s. Elə gözəl əsərdir ki, bunu kim çalacaq, kim oxuyacaq? Kişi beləcə də dedi.

Sonra da dedi, qızım, Allah köməyin olsun.

– Bəs Anar müəllimlə hansı xatirəniz var, o, sizə nə deyib?

– Bulvarda Afrodita restoranı var, o vaxt orada pianinoda ifa eləyirdim. İki uşağımı tək böyütmüşəm. Anam əvvəl kömək eləyirdi, sonra dedi ki, mən sənə daha çörəkpulu verməyəcəm. Özüm də tələbə idim, qorxdum ki, bəs iki uşağı necə böyüdəcəm, necə pul qazanacam?

Səhv eləmirəmsə, 1998-ci il idi. Beləcə işləməyə başladım, ilk iş yerim Afrodita restoranı oldu. Ora çox tanınmış insanlar gəlib-gedirdi. Anar müəllim ailə üzvləri ilə birlikdə Afroditaya gələndə mənim ifamı görmüşdü. Mənimlə maraqlanıb soruşdu ki, bəstəkarlıqda oxuyursan? Dedim ki, bəli, tələbəyəm.

Anar müəllim dedi, çox yaxşı, istedadlı qızsan, sənin ifalarından xoşum gəldi, özü də çox maraqlıdır ki, mən hansı şairləri bəyənirəm, sən də onlara musiqi bəstələyirsən.

Nəsiminin çətin bir qəzəli var. Anar müəllimə dedim ki, mən o qəzələ mahnı bəstələmək istəyirəm. Mənə qayıtdı ki, şokdayam. Sən gənc bir qızsan, Nəsiminin bu sözlərini haradan tapmısan? Heç çox şairlər bunu bilmir.

Mənə dedi ki, Yazıçılar Birliyinə yanıma gələrsən, səninlə işim var. Getdim. Ailələri haqqında gözəl bir kitab çıxmışdı, onu mənə hədiyyə elədi. Bir də atası Rəsul Rzanın "Rənglər" silsiləsini verib dedi ki, bu şeirlərə ancaq sən mahnı bəstələyə bilərsən.

– Bəstələdiniz?


– Yox... Sonra müəyyən şeylər oldu, həvəsdən düşdüm.


"PEYĞƏMBƏR TƏHQİR OLUNAN YERDƏ MƏN KİMƏM Kİ?"


– Elza xanım, şeir yazırsınız, aləm bir-birinə dəyir, bütün saytlar sizinlə məşğuldur, oxunur, sosial şəbəkələrdə haqqınızda daim söhbətlər gedir... Heç ailənizdə bu barədə nəsə danışırsınızmı? Narahat olursunuz, əsəbləşirsiniz, yoxsa gülüb vecinizə alımırsınız...

– Vallah, heç mənim xəbərim olmur ki, gündəmdəyəm, yoxsa gündəmdə deyiləm. Heç ailə üzvlərimizlə bu haqda söhbətimiz olmur.

– Oğlunuz sizə görə kimləsə əlbəyaxa olmayıb?

– Yadıma gəlir, bir dəfə mənim haqqımda sosial şəbəkədə nəsə söz yazmışdılar, oğlum ardınca getmişdi ki, həmin adamla görüşüb söhbət eləsin. Ailəmizin böyükləri onu başa saldılar, mən özüm də oğluma dedim ki, sən nə vaxta kimi sosial şəbəkədə şərh oxuyacaqsan, o vaxta kimi həyatda heç nəyə nail olmayacaqsan. O şərhləri yazırlar ki, sən orada oturasan, vaxtın getsin, səni geri salsınlar.

– Dediklərinizi başa düşdümü?

– Əlbəttə... Onsuz da oğlum bilir ki, onun anası heç bir zaman səhv etməz. Çünki onun anasının yazdığının kökündə elm durur, fəlsəfə durur, müdriklik və paklıq durur.

– Yəni tənqidlər, ironiyalar, sarkazmlar sizə pis təsir etmir?

– O boyda İsa peyğəmbəri geridəqalmış, pozğun, üzüqara bir qız kimi təhqir eləyiblər, onu eşşəyə tərsinə otuzdurublar, necə deyərlər, başına tikan qoyublar, günün altında başına duzlu su töküblər... Peyğəmbər təhqir olunan yerdə mən kiməm ki?

– Bayaq dediniz ki, uşaqları tək böyütmüşəm...

– Hə... Həyat yoldaşımdan ayrılmışdım deyə məcbur olub uşlaqları tək böyütməli oldum.

– Elza xanım, görəsən, adamlar niyə ayrılır?

– Mən heç bir zaman ayrılmaq istəməmişəm, hətta ayrılanda ağlaya-ağlaya ayrılmışam.

– Yəni dəlicəsinə sevirdiniz?

– Yox, ona görə ağlamırdım ki, dəlicəsinə sevmişəm. Biz sevib ailə qurmamışdıq, elçi gəlmişdilər, məni verdilər. Verəndən sonra fikirləşmişəm ki, ailə belə olmalıdır, mehribançılıq, hörmət olmalıdır... Necə deyərlər, həmişə özümə borc bilmişəm ki, ailəmə xidmət eləyim.

– Bəs niyə ayrıldınız?

– Nə oldusa keçmiş həyat yoldaşımgilin ailələrinin səhvi ucbatından oldu, istəməyərək ayrılmağa məcbur qaldıq. Ayrılanda o da çox pis oldu, mən də.


"HAMI DEYİRDİ Kİ, ELZA AİLƏ QURMAMALI İDİ"


– Bəzən adamlar evlənəndə yox, ayrılanda xoşbəxt olurlar...

– Biz elə qovuşanda da xoşbəxt idik, ayrılanda da. Mənim azdan-çoxdan nə istedadım varsa, bunu balacalığımdan hamı bilirdi. Deyirdilər ki, bu qızın gələcəyi var. 19 yaşımda mənim iki övladım vardı. Halbuki hamı deyirdi ki, Elza ailə qurmamalı idi.

Görünür, bu da Allahın bir qismətidir. Bəlkə də mən Elza Seyidcahan olmaq üçün erkən ailə qurmalıydım. Bəlkə də erkən ailə qurmasaydım, sadəcə, Əhmədova Elza Nuru qızı olacaqdım.

– Uşaqlar atası ilə görüşür?

– Əvvəl görüşmələrini istəmirdim. Çünki keçmiş qayınanam uşaqların psixologiyasını pozurdu. Ancaq bu gün bütün valideynlərə arzu edirəm ki, ayrılsalar da uşaqları ortada qoymasınlar. Nə ata desin anan pisdi, nə də ana desin atan pisdi. Heç olmasa uşaqları sağlam tərbiyə etsinlər.

– Elza xanım, Seyidcahan nə deməkdir, bu təxəllüs haradan ağlınıza gəlib?

– Ailəmin dağılması ərəfəsində mən Konservatoriyaya qəbul oldum, onda Elza Qasımova idim. Tez-tez efirə çıxırdım. İstəmədim ki, məni incidən, sənətimə laqeyd olan adamların soyadı ilə efirə çıxım. Sənəddə Elza Əhmədova olsaydım, heç olmazsa, qızlıq soyadımla çıxış edərdim.

Necə qəribədir ki, sənədi dəyişmək heç ağlıma da gəlməmişdi.

Əvvəl istədim Elza Nuru olum, sonra fikirləşdim ki, tez-tez soruşacaqlar ki, sən Yaşar Nurinin qızısan? Bir az yaxşı çıxmır...

– Yaşar Nurinin qızı olmaq pis şey deyil ki...

– Əlbəttə, pis deyil. Amma birdən gözəl sənətkarımız narahat olardı... Axırda kamançaçalan Munis Şərifov var, ona dedim ki, bəlkə Elza Cahan götürüm? Cahan anamın adıdır. O da dedi ki, nənən seyiddir, cəddi də köməyin olar, elə Elza Seyidcahan götür...

– Maraqlıdır, həyat yoldaşınızdan ayrılandan sonra yenidən ailə həyatı qurmağa ehtiyac duymadınızmı?


– Əlbəttə ki, hər bir qadına da, kişiyə də ailə lazımdır. Amma o qədər qorxmuşam ki... Gələndə imam sifətində gəlirlər, qısa müddətdə şeytana dönürlər. Şeytan olsalar yaxşıdır, iblisə çevrilirlər.

– Uşaqların ikisini də evləndirmisiniz?


– Hə... Şükür Allaha, oğlum da, qızım da ailəlidir.

– Uşaqlara toy eləmisiniz, özünüzə də bir toy eləyin, həyat daha gözəl olsun...

– Vallah, desəm ki, yox, yox, ola bilməz... Bunu da demirəm. Hər şey qismətdən asılıdır. Allah rəva görərsə, böyüklərimizin məsləhəti və övladlarımın xeyir-duası mənim üçün çox əsasdır.

Neyləyim, bu da bir alın yazısıdır, Allah mənə nəsib edib, ayrılmışam. Hər halda övladlarım bilir ki, anaları gəncdir. Oğlum yanımda gedəndə elə bilirlər, atamdır. (gülür)

– Nənə olmusunuz?


– Hələ ki, yox. Amma nənə olmaq gözəldir. İstəyirəm əkiz nəvələrim olsun. (gülür) Dua eləyirəm...


"ALLAHA MƏKTUBLAR YAZMIŞAM, CAVABI DA GƏLİB"



– Namaz qılırsınızmı?

– Yox, qılmıram. Namaz qılmamağıma görə özümü günahkar sayıram. Amma iluzunu, həmişə Allaha məktublar yazmışam.

– Məktubları Allaha kiminlə göndərirsiniz?

– Məktublar gedib, cavabı da gəlib. Hərdən Allaha çatan məktublarımı dənizə atmaq istəyirəm, sonra fikirləşirəm ki, lazım deyil. Mən Allaha ancaq işim düşəndə məktub yazmıram, içimi, hisslərimi onunla bölüşürəm...

– Yəqin darıxırsınız...

– Vallah, heç darıxmağa vaxtım olmur.

– Deyəsən, pişiyinizi çox istəyirsiniz...

– Ay Allah, ona qurban olaram. Adicə su təmiz olmasa pişiyim heç vaxt onu içməz... Onun içdiyi suyun yarısını mən içərəm...

– İyrənmirsiniz?


– Yox, yox... Ondan heç vaxt iyrənməmişəm.

– Tez-tez çimizdirirsiniz?

– Hə, gül kimidir. Bircə problemi var. Pişiyim evlənmək istəyir, evləndirə bilmirəm. Bayıra da çıxmır. Bunun üçün pişik gətirdim ki, evlənsin. Yaxın buraxmadı. Artıq 8 yaşı var, ərə getməyib, hələ qızdır. Həkim deyir, pişiyin uşaq dünyaya gətirsə, ölə bilər. Sözün düzü, buna görə bir az çətin vəziyyətdə qalmışıq.

– Siz Allah, pişiyə əməlli-başlı toy eləmək fikriniz var?


– Hə, toy eləmək istəyirdim. Eyyub Yaqubovun da bir pişiyi var, oğlandır. Eyyuba dedim, gəl evləndirək, uşaqları dahi olsun.

– Onun pişiyi subaydır?

– Hə, Eyyubun da pişiyi evlənməyib. (gülür)

– Eyyub elçi gəlsə pişiyinizi verərsiniz?


– Hə, əlbəttə, məmnuniyyətlə evləndirərdim...



Kəramət BÖYÜKÇÖL
AzNews.az