8 Martda dilənən qadınlar və pulsuz kişilər - Reportaj
8 Mart 2016 16:01 (UTC+04:00)
Bakı, necə deyərlər, nə qədər çiçəklənsə də, nə qədər gözəlləşsə də, mənə elə gəlir, Elmlər Akademiyası metrosu və onun ətrafı doğma və əziz şəhərimizin əsl simasıdır. Mən bu yerləri çox yaxşı tanıyıram, Novruzda necə, Yeni il və Qurban bayramında hansı rəngdə olur, dəqiq bilirəm, yaddaşımda hamısının bircə-bircə şəkilləri var.
Xüsusən, hər gün işə gedib-gəldiyim, xətrini çox istədiyim, yanından salamsız-kəlamsız ötüb keçmədiyim, danışanda sözünü kəsmədiyim, bir dəfə də olsun əlini havada qoymadığım Zahid Xəlilov küçəsini pulsuz kişilərin Bakısı kimi həmişə sevmişəm.
Mən əvvəllər elə bilirdim ki, həyasız və sırtıq küləklərinə, dingiş müğənnilərinə az-çox bələd olduğum Bakını heç vaxt sevə bilmərəm və heç təəsəvvürümə belə gəlməzdi ki, bir gün qədimliyinin arxasında gizlənən bu şəhərin tən ortasında - Zahid Xəlilov küçəsinin üzündəki o müqəddəs inam tam aydınlığı ilə mənə doğma ola bilər.
Bükülmüş bel və çəlik
Bu hissləri ürəyimdən keçirə-keçirə Zahid Xəlilov küçəsindən çıxıb metroya tərəf gedəndə qarşıma bir qadın çıxdı. Əslində, onu çoxdan tanıyıram. Dilənmək hobbisidir, nədir, bilmirəm, amma fikir vermişəm, adamlardan pul qopartmaq üçün bütün rollara girə bilir.
Gah yalvarır, gah ağlayır, qışqırır, gah da gülür.

Dəfələrlə yoluma çıxan qadını bu dəfə çölü şüşəli bir restoranın qabağında bükülüb, içəridə çörək yeyən adamlara əl açan gördüm. Bu kədərli mənzərəyə restoranın ürəyiyumşaq müştəriləri dözmür, yağışlı havada çölə çıxıb ona pul verirdi.
Təbii, istər-istəməz adam pis olur, xüsusən 8 Martda hansısa bir qadının çarəsizliyi səni yerlə-yeksan eləyir. Fotoaparatımı çıxarıb mənzərənin şəklini çəkmək istəyəndə qadının səs tonu dərhal dəyişdi, bükülmüş beli qəribə bir tərzdə dikəldi.
Arvad əlindəki çəliyi mənə tərəf uzatdı:

– Çək, yaxşı çək!
Kimsəsiz güllər kimsəsiz qadınların halalıdır
Bu səhnə ətrafda kim vardısa hamını güldürsə də məni kədərləndirdi. Ona görə də bir az irəlidə - metronun çıxışında balaca bir vedrənin içində Nərgiz gülünü görəndə ürəyimdən keçdi ki, o gülləri aparıb, həmin qadına verim.

Həqiqətən güllərin yiyəsiz olduğunu düşündüm, hətta fikirləşdim ki, bəlkə də o nərgizləri Allah özü yerə yollayıb. Kimsəsiz güllər kimsəsiz qadınların halalıdır.
Bu fikirlə gülün birinə əl atdım. Mən nə biləydim ki, vedrənin içindəkilər Nərgiz gülü yox, nərgiz tələsidir. O saat iki-üç arvad üstümə yeridi:
– Ay bala, neyləyirsən? Tez ol, pulunu ver.
Etiraz elədim, dedim ki, almıram, lazım deyil.
– Yox, artıq əlini vurmusan, götürməlisən.

Satdığı gülün adını bilməyən qadınların çarəsizliyi qarşısında dizlərim yerə gəldi. Onları tanımaq üçün söz soruşmağa ehtiyac yoxdur, həmişə öz-özlərinə danışırlar:
– Xaraba qalsın, səhərdən birini sata bilməmişəm, heç qiymətin də soruşan yoxdu. Adlarını kişi qoyublar, arvadlarına gül ala bilmirlər. Niyə gedib özünü asmırsan?
Qadınlardan biri öz-özünə deyinib qəfil necə əsəbiləşdisə satdığı gülü ağır sözlərlə təhqir eləməyə başladı, bildim ki, əsəbləri pozulub, ona görə də heç qulaq asmadım. Uzaqdan-uzağa tanıdığım tələbə bir oğlanı görüb ona yaxınlaşdım:
– Necəsən?
– Necə olacam, bir adamdan borc pul istəmişəm, qıza hədiyyə almalıyam, gətirib çıxarmaq bilmir. Səhərdən gözləyirəm, telefonu da söndürüb.
İnsan nə qədər dayaz olmalıdır ki...
Səhv eləmirəmsə dünən idi, dostum Mövlud Mövlud sosial şəbəkədə bir status paylaşmışdı. Yazmışdı ki, insan nə qədər dayaz olmalıdır ki, 8 Martı özünə dərd eləsin. Gör bu adamların dərdi nə qədər azdır...
Elmlərin çıxışı ilə üzbə-üz bir kitab dükanı var, dükanın qabağında iki balaca dönər butkası qoyublar, ucuzluqdu deyə millət qarışqa kimi dönərin başına necə daraşmışdısa adamları güclə yarıb kitabların yanına keçdim.

Mənim üçün maraqlıdır, ümumiyyətlə, kitabdan hədiyyə olurmu? Qadınlar bu barədə nə düşünür? Fikrimdəki sualı dükandan çıxmaq istəyən bir qadının üstünə şər kimi atdım.
– Vallah, nə deyim. Hədiyyəlik halım yoxdu. İçəridə Lombard var, ora qızıllarımı qoyub pul götürmüşəm, faizi ödəməyə gəlmişdim. Düzü, sən dedin, bu gün 8 Mart olduğu yadıma düşdü – qadın beləcə də cavab verib getdi.
Eyni sualı satıcıdan da soruşdum: 8 Martda hədiyyə kitab alan varmı?
– Alan da var, almayan da...
Kənardan bir müştəri səsi gəldi:
– Ay bala, camaat ağzının çörəyini güclə çatdırır, kitab alan kimdir?
Yazıq qadın necə sevinirdi
Burada qəribə bir şeyi müşahidə elədim. Bu ölkədə kim həqiqəti deyirsə şəklinin çəkilməsini istəmir, ancaq yalan danışan adamlar şəkildən ötrü ölür, onları da sən çəkmək istəmirsən.
– Gərək qadını kitab oxusun ki, kişisi də ona kitab alsın, bizim qadınlar qadındır ki... – kimsə dükandan çıxhaçıxda bu sözü dedi.
Doğrudan da kitab dükanının içərisində Lombard yerləşir. Həmişə elə bilirdim ki, o mağazaya camaat kitab almağa girir. Bir kişi 8 Mart münasibətilə arvadının Lombarda qoyduğu qızıllarını götürməyə gəlmişdi. Yazıq qadın necə sevinirdi. Yanlarında qızcığaz da vardı, saçını keçi yığmışdılar.
Uşaq elə atasının yanındaca mamasına nə desə yaxşıdı?
– Az, sevinmə, atam iki gündən sonra qızılları qaytarıb yenə Lombarda qoyacaq...
Kəramət BÖYÜKÇÖL