“SOCAR-la əldə olunan razılaşma...” - Mixail Canelidze

8 Mart 2016 22:43 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycana rəsmi səfəri başa çatmış Gürcüstanın xarici işlər naziri Mixail Canelidzenin bəyanatında bildirilir.

Nazirin bəyanatında deyilir ki, əhalinin təbii qaza artan tələbatı Azərbaycan hesabına ödəniləcək və bununla bağlı Gürcüstan hökuməti ilə SOCAR arasında müvafiq sənəd imzalanıb: "Bizim dostumuz və strateji tərəfdaşımız olan Azərbaycan Gürcüstana əlavə həcmdə qaz nəql edəcək. Bu, yaranmış defisitin bağlanması üçün kifayətdir".

Rusiyanın "Qazprom" şirkəti ilə aparılan danışıqlara toxunan nazir bildirib ki, danışıqların predmeti Gürcüstan üzərindən Rusiya qazının Ermənistana tranzitinin şərtləri idi: "Bu cür danışıqlar 2004-cü ildən etibarən aparılır. Bununla yanaşı, yaranmış defisitin Rusiya qazı hesabına bağlanması da müzakirə olunub. Lakin SOCAR-la əldə etdiyimiz razılaşmadan sonra "Qazprom"dan əlavə həcmdə qaz almağa ehtiyac yoxdur. Bu razılaşma hesabına Gürcüstan əhalisi stabil və fasiləsiz olaraq qazla təmin olunacaq. Bu razılaşma hesabına ölkənin enerji təhlükəsizliyi də təmin olunacaq".