Eldar Namazov: “Atılan addımlar demokratiyaya ziddir”

10 Noyabr 2012 07:49 (UTC+04:00)
"Bu sahədə və bütövlükdə siyasi sistemə aid son illərdə qəbul olunan dəyişikliklər və qanunlar şəxsən məndə təəssüf hissi doğurub. Hesab edirəm ki, həmin qərarlar demokratiyanın inkişafına deyil, çoxpartiyalı sistemin fəaliyyətinə, güclənməsinə mane olan addımlardır".

Bunu AzNews.az-a sabiq dövlət müşaviri Eldar Namazov "Siyasi partiyalar haqqında" və "Sərbəst toplaşma azadlığı" barədə qanunlara Milli Məclisin qəbul etdiyi dəyişikliklərə münasibət bildirərkən deyib.

Bunu yanlış addım adlandıran E.Namazov hesab edir ki, qəbul olunan dəyişiklik Azərbaycanın beynəlxalq aləmdə imicinə də zərbə vura bilər: "Belə çıxır ki, ölkənin aparıcı partiyaları büdcədən maliyyələşməyəcək. Mitinq, piketlərdə iştirak edənlərlə bağlı nəzərdə tutulan cəzalar da həddən artıqdır. Azərbaycanda maaşların, təqaüdlərin, pensiyaların nə qədər olduğuna baxıb qərar çıxarsınlar heç olmasa. Nəzərə alsınlar ki, yalnız bircə yerdə, özü də 20-ci sahədə mitinqlərin keçirilməsini nəzərdə tutmaq antidemokratik adımdır. Hansısa bir partiya tutaq ki, Nəsimi, yaxud da Nizami rayonunun məsələsini müzakirəyə çıxarmaq üçün sakinlərlə görüş istəyir. Onu da 20-ci sahəyə göndərəcəklər? Axı o həmin ərazinin problemi deyil".

Onun sözlərinə görə dünyanın heç bir yerində 3 milyondan artıq əhalinin yaşadığı paytaxt şəhərlərdə mərkəzdən uzaq, kommunikasiyaları zəif olan ərazidə mitinqlər üçün yer ayrıldığına təsadüf olunmaz: "Niyə şəhərin 4-5 rayonunda mitinqlər üçün yer ayrılmasın? Belə olarsa onda icazəsiz mitinq keçirməyə də, icazəsiz aksiyaya görə cəriməyə də ehtiyac qalmaz".

Gültəkin Qəhrəmanlı
AzNews.az