Ukraynalı deputat Rusiya konsulluğuna hücum çəkdi – Bayrağı çıxardı

9 Mart 2016 17:42 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, Ukraynalı pilot Nadejda Savçenkoya dəstək üçün keçirilən aksiya zamanı iştirakçılar konsulluq binasını yumurta atəşinə tutublar. Mitinqdə təxminən 250 nəfərin iştirak etdiyi bildirilir. İştirakçılar konsulluq ərazisinə fişəng və ya tüstü bombası atıblar.

Lvovda keçirilən antirusiya aksiyası zamanı Ali Radanın deputatı Vladimir Parasyuk Baş Konsulluğun binasından Rusiya bayrağını çıxarıb. Bu barədə RF baş konsulu Oleq Astaxov məlumat verib: "O, petisiya vermək üçün konsulluq ərazisinə buraxılmağı xahiş etdi. Əraziyə buraxıldı və ona 2 diplomat yaxınlaşdı. Lakin o, Rusiya bayrağını çıxarmağı tələb etdi. Təbii ki, ona etiraz edildi. Bu zaman deputat bayraq ağacına tullandı və bayrağı oradan qopardı. Eyni zamanda təxminən 15 nəfər konsulluq ərazisinə girməyə cəhd etdi. Mühafizəçilər buna imkan vermədi. Aksiyaçılar binanı yumurta və fişənglərdən atəşə tutdular".

Xatırladaq ki, bir neçə saat öncə Kiyevdə keçirilən aksiya zamanı Rusiyanın Ukraynadakı səfirliyinin binasına yod butulkaları atılıb.

Bundan əlavə, Brüsseldə Rusiya səfirliyi önündə Savçenkoya dəstək aksiyası başladılıb.

Aydan AXUNDOVA