«Rəfiqə Şabanova istefa verməlidir» - İDDİA

10 Noyabr 2012 07:55 (UTC+04:00)
"Azərbaycan həndbolu can verir. Vəziyyət acınacaqlıdır. Amma elə insanlar var ki, vəzifəsindən dörd əllə yapışıblar. Kənara çəkilib, gənclərə şərait yaratmırlar".

Bunu AzNews.az–a açıqlamasında Avropa Həndbol Federasiyasının azərbaycanlı nümayəndəsi İsgəndər Əsgərov verib. Onun sözünə görə, ölkə həndbolunun belə duruma düşməsində bəzi insanlar günahkardır.

Mütəxəssis, ilk növbədə, ABU klubunun baş məşqçisi Rəfiqə Şabanovanı ittiham edib. Bildirib ki, olimpiya çempionunun rəhbərlik etdiyi komanda son illər beynəlxalq arenalarda uduzur. O istefa vermək əvəzinə, vəziyyəti daha ağırlaşdırır:

"Rəfiqə Şabanova deyir, mən olimpiya çempionuyam. Lap yaxşı, çox sağ olsun. Amma adətən, komandanı yetişdirən olimpiya çempionu yox, səviyyəli məşqçilər olur. O məşqçi yaxşı məşqçi sayılır ki, olimpiya çempionlarının komandasını yetişdirsin. Amma sənin komandan hər dəfə uduzur. Nə olsun olimpiya çempionusan? İdmançı kimi, olmusan. Amma məşqçi kimi hansı nəticən var? Uğursuzluğun birinci səbəbi baş məşqçidədir. Sonra federasiya gəlir. Ölkə çempionatı olmayan yerdə, yaxşı maliyyə olmayan yerdə, uğurdan danışmaq yersizdir".

İsgəndər Əsgərov bəyan edib ki, Rəfiqə Şabanova keçmişlə yaşayır. Əslinə baxanda, onun heç məşqçi kateqoriyası yoxdur: "Məşqçi - rəhbər olmalıdır, müəllim olmalıdır. Əgər səndə bu keyfiyyətlər yoxdursa, çəkil kənara. Qoy bilənlər işləsin. Bizim idmançıların ambisiyaları böyükdür. Lap yaxşı. Ancaq iddianı öz işinizlə göstərməlisiniz. Rəfiqə Şabanovanın adi məşqçilik dərəcəsi yoxdur. Bunu əldə etmək asan məsələ deyil. Dil bilməlisən, imtahan verməlisən.

Vaxt vardı, həndbol oyunlarında Bakı İdman Sarayı azarkeş ilə dolurdu. Bəs indi? Tamaşaçı tutumuna görə, ondan kiçik olan "ABU-Arena"ya heç kəs matçlara baxmağa gəlmir. Deyirlər, sizdə həndbol "ölüb". Bu, məni çox təəssüfləndirir. Amma nə etmək olar? Əlimdən heç bir səlahiyyət yoxdur".

Kamran Hacı
AzNews.az