Daxili orqanında narkotik aşkarlandı

12 Mart 2016 09:20 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində narkotik və psixotrop maddələr aşkar edilib.

Şəxsi yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) cəmi 39 ədəd bükümdə, 202 həb şəklində metadon və 11 həb şəklində diazepam aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr"in 2-ci siyahısına daxildir və aşkar olunan 202 həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,808 qram təşkil edir.

Diazepam isə "Azərbaycan Respublikası ərazisində nəzarət edilən psixotrop maddələr"in 3-cü siyahısına daxildir və aşkar olunan 11 həbdə diazepamın təsiredici maddəsinin xalis çəkisi 0,022 qram təşkil edir.