Siqaretin ucuzlaşması - Keyfiyyətinə necə təsir edir?

12 Mart 2016 20:42 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bir həftə bundan əvvəl 2,70-2,80 AZN olan siqareti bu gün 1,30-1,40 AZN-ə almaq olar. Bəs, görəsən, dolların məzənnəsinin hər gün qalxdığı bir vaxtda siqaretlərin qiymətinin iki dəfə ucuzlaşmasına səbəb nədir? Qiymətin aşağı düşməsi, onun keyfiyyətinə necə, təsir edibmi?


25 ildən çoxdur siqaret çəkən Mahir Abdullayev deyir ki, son vaxtlar çəkdiyi siqaretin ona pis təsir etdiyini müşahidə edib: "Uzun illərdir siqaret çəkirəm, amma bir aya yaxındır ki, siqaret çəkəndən sonra özümü narahat hiss edirəm. Başım gicəllənir, sinəm ağrayır, mədəm göynəyir. Ətrafımdakı insanlar da deyir ki, çəkdiyim siqaretdən gələn qoxuda da fərqlilik var. İndi siqaretin qoxusu az qala kənardakı insanı da zəhərləyir", - deyə şikayətçi bildirdi.

Azərbaycana siqaret idxal edən şirkətlərdən birinin nümayəndəsi deyir ki, onlar siqareti Ukrayna, Volqoqrad və Saratovdan gətirirlər: "Biz bütün siqaretləri hazır formada idxal edirik, yalnız iki adda siqaret var ki, onlar üçün tütünü xaricdən gətiririk, amma burada istehsal olunur".

Siqaret qiymətlərinin aşağı düşməsinə gəldikdə isə şirkət nümayəndəsi bildirdi ki, bəzi siqaret markalarının qiymətinin azalması onlara tələbatın aşağı düşməsinin nəticəsidir: "Bu siqaretlər baha idi və onlara tələbat azalırdı, ona görə də onların qiymətini şirkət aşağı salmaq qərarına gəldi. Bahalı siqaretlərə tələbat yenə də azalarsa, bu proses davam edə bilər. Amma bu o anlama gəlmir ki, onun içinin də keyfiyyəti aşağı düşüb. Qiymətin aşağı düşməsi keyfiyyətə təsir etməyib", - deyə şirkət təmsilçisi vurğulayıb.

Həkim Adil Qeybulla deyir ki, şikayətçilərin siqaret barədə dedikləri tamamilə düzdür: "Mən hesab edirəm ki, ölkəyə idxal olunan ərzaq məhsullarının böyük bir qismi kimi, siqaretlərin də keyfiyyət parametrləri kifayət qədər aşağıdır. Çünki bu dəqiqə hər məhsulun saxtasını düzəltmək mümkündür. Odur ki, bu gün qiyməti aşağı düşən siqaretlərin də, bəlkə də, saxtası satışa çıxarılır. Tütünün orqanizmə zərərli təsiri bir yana qalsın, onun düzgün işlənməsi standartlara uyğun olmalıdır. Standartdan kənarda olanda isə tütünün daxilində elə maddələr əmələ gəlir ki, onlar da yanarkən orqanizmə çox böyük ziyan vurur. Çünki sübut olunub ki, hər 20 siqaret çəkəndən biri mütləq ağciyər xərcəngi tutur. İndi təsəvvür edin, əgər, bu, siqaret keyfiyyətsizdirsə, onda nə baş verir",- deyə həkim əlavə etdi.


Adil Qeybulla - həkim

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, siqaretin qiymətinin aşağı düşməsi, əsla, onun keyfiyyətinə dəlalət etməməlidir. "Qiymət siyasətini Azərbaycanda bazar özü tənzimləyir. Bu gün hər hansı bir siqaretin qiymətini aşağı salıblarsa, demək, bu onun həqiqi qiymətidir. Bundan öncəki qiymətlər şişirdilmiş qiymətlər olub. Bu da sahibkarlar tərəfindən istehlakçılara qarşı atılmış düzgün addım deyildi. Bu gün dövlət qurumlarının səyi nəticəsində qiymət salınıbsa, bu, o demək deyil ki, onun keyfiyyəti də düşüb. Bizə siqaretlər barəsində heç bir şikayət daxil olmayıb", - deyə qurum rəsmisi bildirdi.

Fazil Talıblı onu da əlavə etdi ki, kimsə hər hansı bir siqaretin keyfiyyətindən şübhələnirsə, məhsulla birlikdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edə bilər və ya 963 nömrəli qaynar xəttinə zəng edə bilərlər. "Bundan sonra onların müraciəti əsasında siqaret laboratoriya yoxlamasından keçiriləcək və yalnız bundan sonra məlum olacaq ki, həmin siqaret standartların tələbinə uyğundur, ya yox", - deyə rəsmi nümayəndə vurğuladı.


Fazil Talıblı - Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri

Ümumilikdə, Azərbaycana siqaretin 99%-i Ukrayna və Rusiyadan gətirilir. Buna səbəb 1997-ci ildən qüvvədə olan və MDB ölkələrinə güzəştlər müəyyənləşdirən aksiz hesablanma qaydasıdır. Ona görə də, Rusiya və Ukraynada siqaretin qiyməti ölkəmizə nisbətən çox ucuzdur. Bundan başqa, tütün və tütün məmulatı ilə bağlı qaydaların pozulması məsələsində xarici ölkələrdə qanunvericilik daha sərtdir. Məsələn, Rusiyada azyaşlıya siqaret satılmasına görə hüquqi şəxs 100 mindən 150 min rubladək cərimələnə bilər. Azərbaycanda isə yetkinlik yaşına çatmayanlara siqaret satanlara 100 manat miqdarda cərimə nəzərdə tutulur.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə Azərbaycanda siqaretin orta satış qiyməti 13,6%, 2015-ci ildə isə təxminən 2 dəfə artıb. Bu gün isə qiymətlər 40-50% azalıb.


Siqaretin qiymətində artım (%-lə)

Bildiyimiz kimi, siqaret qutularının üzərində "siqaret çəkmək sağlamlığınıza ziyandır" sözləri yazılıb. Odur ki, siqaret çəkən insanlarda müxtəlif xəstəliklər yaranır. Dünya ölkələri arasında ilk 25-liyə sadəcə çəkdiyimiz siqaret sayı ilə düşdüyümüzü, siqaretin qiymətinin iki dəfə aşağı düşməsinin onun keyfiyyəti ilə əlaqədar olduğunu nəzərə alsaq, məsələsi ilə aidiyyatı qurumlar dərhal hərəkətə keçməlidirlər. Bu arada siz vətəndaşlara da məsləhətimiz var: keyfiyyətindən asılı olmayaraq, siqaret çəkməkdən uzaq olun!