Daha hansı qəzetlər bağlana bilər? - Sorğu

15 Mart 2016 13:03 (UTC+04:00)

AzNews.az- xəbər verir ki, son bir ildə manatın ucuzlaşmasından və kağızın qiymətinin artmasından sonra qəzetlərin əksəriyyətinin səhifəsi azaldılıb, bəziləri isə bağlanma təhülkəsilə üz-üzə qalıb.

Bəs bundan sonra daha hansı qəzetlər bağlana, səhifə sayı azaldıla, yaxud işçiləri ixtisara salına bilər?

AzNews.az bununla bağlı qəzet rəhbərləri arasında sorğu keçirib.

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid rəhbərlik etdiyi mətbu orqanın səhifələrinin sayının artıq 2 aydır ki, azaldığını qeyd edib:



"Qənaətlə çalışırıq. Kagız və nəşriyyat xərcləri həqiqətən də bahalaşıb. Qəzətlərin rentabelli işləməsi çətinləşib. Ola bilsin ki, getdikcə bəzi qəzetlər qapana, yaxud onlayn versiyaya keçə bilərlər"

"Azadlıq" qəzetinin redaktoru Sücəddin Şərifov isə "Azadlıq" qəzetinin uzun illərdir ki, maliyyə problemlərindən əziyyət çəkdiyini deyib:



"Hətta bu yaxınlarda bizə bir neçə gün möhlət verdilər, bildirdilər ki, qəzetin çap versiyası bağlana bilər. Biz çox cüzi ödəniş eləməklə müəyyən qədər vaxt qazandıq. Amma bağlanma aqibəti istənilən an, istənilən gün "Azadlıq" qəzetinin qapısını döyə bilər. Biz çalışırıq ki, buna imkan verməyək. Amma "Gündəlik teleqraf" qəzetindən fərqli olaraq "Azadlıq" qəzetinin satış imkanları böyük olub. Satışdan əldə olunan maliyyə "Azadlıq" qəzetinə çatdırılsaydı, yaxud da çatdırılsa, biz bu problemi aşa bilərik. Təssüf ki, təkcə "Qasid" firmasının bizə 70 min manat borcu var, bu günə kimi də pulumuzu onlardan ala bilmirik.

Digər firmalarda da bəzi hallarda onlardan asılı olmayan səbəblərdən yubanmalar olur. Bu da istənilən halda qəzeti müvəqqəti, yaxud da birdəfəlik bağlanma təhlükəsi ilə üz-üzə qoyur. Ona görə də qarşıdakı aylarda səhifələrin azaldılmasından tutmuş digər variantlara qədər – hər şeyə baxıla bilər. Onsuz da biz aylarla məvacib almamağa öyrənmişik. Bütün səylərimizi qəzetin dayanmamasına sərf edəcəyik. Amma unutmayaq ki, qəzet bizdən asılı olmayan səbəblərdən bağlana bilər".

"Yeni Müsavat" qəzetinin baş direktoru Ələsgər Süleymanovun sözlərinə görə, kağızın qiymətinin artması qəzetlərə ciddi problem yaradıb:



"Məsələ ondadır ki, dolların kurs fərqindən başqa qiymət artımına bu ildən tətbiq edilməyə başlamış 18 faiz ƏDV də səbəb olub. Qəzetlərin durumu çox kritikdir və ard-arda çap versiyalarının bağlanması gözləniləndir. Qəzetlər qiyməti artırmaq məcburiyyətində qalıblar, lakin bu da tirajların azalmasına gətirib çıxardıb. Belə görünür ki, bu, çıxış yolu deyil. Səhifələrin azaldılması və ixtisarlar da kömək etməyəcək. Hökümət bu istiqamətdə addımlar atmasa qəzetlər get-gedə azalacaq. Bu da xeyli sayda intellektual kəsimin işsiz qalmasına səbəb olacaq. Kurs dəyişikliyi və ƏDV tətbiqi sayəsində qəzet redaksiyalarına dəyən ziyanı dövlət hansısa yolla kompensasiya etməlidir. ƏDV tətbiqindən büdcəyə daxil olan gəlirlərlə qəzetlərin bağlanmasına görə ölkəyə dəyə biləcək zərər müqayisə edilməyəcək səviyyədədir".

"Reytinq" qəzetinin təsisçisi və baş redaktoru Afiq Mirzəbəyli isə bildirib ki, rəhbərlik etdiyi qəzet uzun müddətdir ki, maliyyə problemindən əziyyət çəkir:



"Redaksiya çox zəif maddi imkanlarla fəaliyyətini davam etdirir. Təbii ki, manatın devalvasiyasından sonra vəziyyət lap dözülməz həddə çatıb. Çünki qəzeti çap etdirdiyimiz mətbəə qiymətləri çox qaldırıb. O ki, qaldı işçilərin ixtisarı məsələsinə, "Reytinq" həftəlik qəzet olduğundan məhdud kollektivlə fəaliyyət göstərir və hər hansı ixtisar olmayacaq.

Ölkədəki əksər qəzetləri belə bir təhlükə gözləyir".

"Cümhuriyyət" qəzetinin baş redaktoru Rəfael Becanov "Gündəlik teleqraf" qəzetinin bağlanmasına təəssüfləndiyini bildirib:



"Təəssüf ki, çap mediası hazırda dərin bir böhranla üz-üzədir. Devalvasiyanın təsirini hər bir media orqanı öz üzərində hiss edir. Kağızın bahalaşması, çap xərclərinin artması bütünlükdə çap mediasını problemlə üz-üzə qoyub. Təbii ki, bizim üçün də çətindir. Hazırda bunu qarşılamağa çalışırıq. Bu məsələdə də əsas hədəfimiz və söykənəcək yerimiz oxucularımızdır. Hesab edirik ki, dəyərli oxucularımız bizdən dəstəyini əsirgəməyəcək və "Cümhuriyət" olaraq hazırki problemləri dəf edə biləcəyik.

Eyni zamanda ümid edirik ki, hökumət, Mətbuat Şurası, KİVDF bu məsələdə hansısa formada çap mediasına dəstək olacaq və Mətbuat Şurasının çap mediasını indiki böhranlı situasiyadan qorumaq üçün təklifləri nəzərə alınacaq və hökumət səviyyəsində müəyyən güzəştlər paketi tətbiq olunacaq. Qəzet kağızının bütünlükdə vergidən azad olunması, yaxud qəzetlərə vergi güzəştləri, qəzetlərin çap olunduğu mətbəələlərə müəyyən güzəştlər etməklə, bunu önləmək mümkündür.

Hələlik planımızda qəzetin səhifələrinin azaldılması nəzərdə tutulmur. Gündəlik olaraq və əvvəlki formada çapımzı davam etdiririk. Böyük kollektiv saxlamaq imkanlarımız öncədən məhdud olduğundan işçilərin ixtisarını da nəzərdən keçirmirik. Məhdud imkanlar və əməkdaşlarımızın fədakarlığı hesabına fəaliyyətimizi davam etdiririk. "Cümhuriyət" qəzeti olaraq, hər hansı media orqanının nəşrinin dayanmasına üzülürük. Çünki hər hansı qəzetin bağlanmasına təkcə media sahəsinə zərbə kimi deyil, həm də iş yerlərinin bağlanması kimi baxırıq. Bu həm də jurnalistlərin iş yelərini itirməsi deməkdir. Ona görə də hər hansı qəzetin bağlanması ilə bağlı nəinki proqnoz vermək, heç bir halda bunu arzulamazdıq. Ölkənin aztəminatlı əhali kateqoriyasına daxil olan jurnalistlərin işsiz qalması indiki böhran şəraitində çox ağrılı bir prosesdir".

Bahar RÜSTƏMLİ
AzNews.az