“25 ildir ki, birlik nümayiş etdiririk...”

15 Mart 2016 17:45 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev bu gün Ankarada baş tutan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısından sonra keçirilən mətbuat konfransında deyib. O, 25 ildir ki, Türkiyə və Azərbaycanın birlik, həmrəylik və dayanışma göstərdiyini vurğulayıb: "25 ildir ki, Türkiyə və Azərbaycan birlik, həmrəylik və dayanışma göstərir. 25 il bundan əvvəl Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və bizi ilk tanıyan dövlət Türkiyə oldu. Biz bunu heç vaxt unutmayacağıq. Bu, əslində başqa ölkələrə də tövsiyə idi və ondan sonra Azərbaycanı müstəqil dövlət kimi tanıma prosesi sürətlə getməyə başladı. Bu illər ərzində biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Və bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığı dayanır. Bu, əsas məsələdir və bu təməl üzərində biz dostluğumuzun, qardaşlığımızın möhtəşəm binasını inşa edirik. Bütün sahələrdə biz uğurlu iş birliyi, əməkdaşlıq edirik. Bu gün burada imzalanan sənədlər, apardığımız danışıqlar bir daha bizim birliyimizi nümayiş etdirir. Biz beynəlxalq müstəvidə bir-birimiz daim dəstəkliyirik.

Biz çox şadıq ki, Türkiyə dünya çapında gün mərkəzinə çevrilib. Əziz qardaşımın yorulmaz fəaliyyəti nəticəsində Türkiyə son illər ərzində böyük zirvələrə qalxa bilib. Türkiyənin dünyadakı rolu artır, mövqeləri möhkəmlənir. Türkiyəyə dünya birliyi tərəfindən göstərilən inam və rəğbət bizi sevindirir. Təsadüfi deyil ki, keçən ilin noyabr ayında Türkiyə Böyük 20-lərə ev sahibliyi edib. Və bizi fərəhləndirən məsələ ondan ibarətdir ki, Türkiyə bu mötəbər tədbirə Azərbaycanı da dəvət edib. Türkiyə bir ölkəni dəvət edə bilərdi, bu ölkə də Azərbaycan oldu. Bir daha bu qardaşlığa görə şəxsən sizə, əziz qardaşım, bütün türk xalqına minnətdarlığımı bildirmək istəyirəm. Nə qədər Türkiyə güclü olarsa, bir o qədər biz güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Və bütün beynəlxalq məsələlərdə biz bir yerdəyik, bir-birimizin yanındayıq".

Prezident İlham Əliyev Türkiyənin Dağıq Qarabağ məsələsinə göstərdiyi həssaslığa da toxunub: "Türkiyə hər zaman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquqi normalara uyğun şəkildə həll olunmasının tərəfdarı olub. Və bu dəstək bu gün də göstərilir. Azərbaycanın ərazi bütövlüyü pozulub. Bərpa edilməlidir. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr icra edilməlidir. Biz bu məsələ ilə bağlı ikili standartlarla üzləşmişik və Türkiyə kimi böyük dövlətin bizə göstərdiyi dəstək bizim üçün çox önəmlidir".

Aydan AXUNDOVA