“Onlar alçaldılır, təhqir edilir” – İlham Əliyev

15 Mart 2016 18:24 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bu sözləri prezident İlham Əliyev bu gün Ankarada baş tutan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V toplantısından sonra keçirilən mətbuat konfransında deyib.
Prezident Azərbaycanın Türkiyə ilə barə bərabər İslamafobiyaya qarşı mübarizə apardığına diqqət çəkib: "Əfsuslar olsun ki, bir çox media qurumları İslama qarşı, İslam mədəniyyətinə qarşı, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparırlar. İslamı ləkələmək, qaralamaq, İslamı terrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu, dözülməzdir. Bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır. Qaçqınlar böhranını bu gün biz görürük və yenə də burada əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə təmənnasız olaraq artıq aylarla milyonlarla qaçqın- köçkünü öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir.

Biz də humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi bilirik ki, bu nə qədər ağır məsələdir".

İlham Əliyev canlarını qurtarmaq üçün Avropaya gedən qaçqınların alçaldıldığını qeyd edib: "Bu gün bu köçkünlər nicat tapmaq üçün, öz canlarını qurtarmaq üçün Avropaya üz tutduqda görün onları orada nələr gözləyir. Onların ləyaqəti alçaldılır, onlar təhqir edilir, qəfəslərə salınır, onlar haqqında olmazın yalanlar yayılır. Haradadır bəs bu ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət? Biz bunu görmürük. Ona görə də, Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz bu insanların acı taleyinə biganə qala bilmərik. Və bir daha mən Azərbaycan xalqı adından Türkiyə rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, ağır yükü öz üzərinə götürüb. Bir daha bütün dünyaya nümayiş etdirib ki, qaçqın böhranından necə şərəflə çıxmaq olar".

Aydan AXUNDOVA