İqtisadiyyatla bağlı işçi qrupu yaradıldı - Sərəncam

16 Mart 2016 18:22 (UTC+04:00)


AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

"1. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" təsdiq edilsin (əlavə olunur).

2. "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə aşağıdakı tərkibdə İşçi qrupu yaradılsın:

İşçi qrupunun rəhbəri

Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi.

İşçi qrupunun üzvləri:

İlqar Fətizadə – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Alim Quliyev – Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin birinci müavini

Vilayət Vəliyev – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru

Ədalət Muradov – Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Emin Hüseynov – ADA Universitetinin prorektoru

3. İşçi qrupuna tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" nəzərə alınmaqla, aşağıdakı layihələri altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1. 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini;

3.2. 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini;

3.3. 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini.

4. Müəyyən edilsin ki:

4.1. bu Sərəncamın 3.1-3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanması işinə İşçi qrupu tərəfindən yerli və xarici ekspertlər, mütəxəssislər, məsləhətçi şirkətlər və elmi təşkilatlar cəlb oluna bilər;

4.2. bu Sərəncamın 3.1-3.3-cü yarımbəndlərində nəzərdə tutulmuş layihələrin hazırlanması ilə əlaqədar Azərbaycan Respublikasına dəvət edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrindən viza ala bilərlər;

4.3. bu Sərəncamın 2-ci hissəsinə uyğun olaraq yaradılan İşçi qrupunun dəvət məktubu bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulmuş viza verilməsi üçün əsas hesab edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və aidiyyəti dövlət qurumlarının rəhbərlərinə tapşırılsın ki, İşçi qrupunun müraciəti əsasında lazımi məlumatların və sənədlərin təqdim olunmasını, habelə İşçi qrupunun fəaliyyətində nümayəndələrinin iştirakını təmin etsinlər.

6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".