Mərkəzi Bankdan məcburi ehtiyat normaları haqda - Açıqlama

17 Mart 2016 10:20 (UTC+04:00)

Mərkəzi Bankdan AzNews.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərin davamı olaraq, dollarlaşma səviyyəsinin azaldılması, habelə bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 3 Mart 2016-cı il tarixli qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilən öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldilmiş, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0.5%-dən 0%-ə endirilib.

Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanılıb.

Banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar.