“Yüz minlərlə pul xərcləyir...” – Bağlanan qəzetin redaktorundan ilginc açıqlamalar

18 Mart 2016 14:44 (UTC+04:00)

Bir neçə gün əvvəl nəşri dayandırılan "Gündəlik Teleqraf" qəzetinin baş redaktoru, tanınmış jurnalist Taleh Şahsuvarlının AzNews.az-a müsahibəsi:

– Taleh bəy, bədii yaradıcılıqla məşğulsunuzmu?
– Vallah, 5 ildən çoxdur ki, Səfəvi dövrünü çox ciddi şəkildə araşdırıram. Hesab edirəm ki, Səfəvilər dövrü Azərbaycan tarixi və ədəbiyyatı üçün nə qədər maraqlıdırsa, yeni dövlət quruculuğumuz üçün o qədər əhəmiyyətlidir, öyrənilməsi və tədiq edilməsi vacib bir məsələdir.

Bilirsiniz ki, Səfəvilər dövləti sufi ordeninin əsasında yaranıb. Bu sufi ordeni Şah İsmayılın babası Şeyx Cuneyddən sonra siyasiləşməyə və konkret hakimiyyət iddiası ilə çıxış eləməyə başladı. Bu təşəbbüslər sonda uğurlu oldu və Şah İsmayıl tərəfindən Səfəvilər dövləti yarandı. Burda bir tərəfdən sufi mistikasını, bir tərəfdən dövlət qurmaq gələnəyini və həmin dövlətin inkişaf tempini, xarakterini görmək mümkündür.

Düzü, bu araşdırmalar fərdi xarakter daşıyırdı. Öyrənəndən sonra gördüm ki, Səfəvilər sarayında intriqant və siyasətdə kifayyət qədər öz sözünü deyə bilən, təsir eləyə bilən Xeyrilnisə adlı bir xanım var. Həmin xanımın həyatını araşdıranda məlum oldu ki, doğrudan da yazılmağa layiq bir obrazdı. Bu xanım Səfəvi hökmdarı Məhəmməd Xüdabəndədnin həyat yoldaşıdı. Onun tarixdə Məhdi Ulya kimi tanıyırlar.

Məhdi Ulyanın həyatından bəhs edən bir roman yazıram. Təbii ki, romanda söhbət təkcə Məhdi Ulyanın şəxsi həyatından getmir, burada siyasi proseslər və tarixə bəzi yeni baxışlar var. Kifayyət qədər qanlı və maraqlı bir dövdü. Bütün bunları sufi mistikası ilə birləşdirəndə, dövlətçilik gələnəkləri baxımından şərh eləyəndə və bədii həllini tapanda mənə elə gəlir ki, maraqlı bir roman alınacaq.

– Yazıb qurtarmısınız?
– Hələ ki üç fəslini yazmışam.

– Taleh bəy, açıqlama vermişdiniz ki, 4 il gecə-gündüz "Gündəlik Teleqraf" qəzetində çalışıbsız. Bəs evdəkilər üzünüzü görmürdümü?
– Vallah, o sarıdan bir az problemlər var idi. Problem deyəndə ki, uşaqlar unsiyyət qurmaq istəyir. Təbii, ata uşağının unsiyyət ehtiyacını ödəməlidi. Amma onlar dərsə gedib-gələndə işdə olurdum, evdə olanda isə yorğunluqdan yatırdım... Mən ailə instutuna önəm verən insanam. Hesab edirəm ki, çox örnək bir ailəm var. Və bütün bayramlarda, qeyri-iş günlərində çalışıram ki, evdə olum. Hətta altıncı və bazar günləri evdə yemək də bişirirəm. Demirəm qab yuyuram, ev süpürürəm... (gülür)

– Jurnalistlər üçün tikilmiş binada sizə verilən evdə yaşayırsınız?
– Bəli... Fürsətdən istifadə eləyib bir daha cənab prezidentə təşəkkür edirəm.

– Jurnalist qonşularınızla yola gedirsinizmi?
– Bu sarıdan halımızdan çox məmnunuq. Çox mədəni bir mühitdi. Bəzən harasa gedəndə evimin qapısını bağlamaq ağlıma gəlmir. Bu dərəcədə arxayın bir mühitdə yaşamağın özünü böyük bir avantaj hesab eləyirəm.

– Nə vaxtdan "Teleqraf Holdinq"də işləyirsiniz?
– 2012-ci il mart ayının 1-dən – holdinq yaranandan orada çalışırdım.

– Sizcə, nə üçün mediyada ixtisarlar başlanan kimi ilk zərbə "Gündəlik Teleqraf" qəzetinə dəydi?
– Bu sualın mənə aydın olan və aydın olmayan tərəfləri var. Amma ixtisar anlayışı ilə yanaşsaq mənim bildiyim qədərilə bizim qəzetdən cəmi dörd nəfər işdən çıxarılıbdı. Onun ikisi korrektor, ikisi də dizayner idi...

– Özünüzü ixtisara düşmüş hesab eləmirsiniz?
– Yox... Mənə saytda işləmək təklif olundu. Sadəcə, təklif olunan maaş kredit öhdəliklərimin yerinə yetirilməsinə imkan vermirdi deyə könüllü şəkildə işdən çıxdım və yeni iş yeri axtarmağa başladım.

– "Gündəlik Teleqraf"ı uğurlu bir qəzet hesab edirdinizmi?
– Bizim qəzetin bir sıra üstünlükləri vardı. Birincisi, səmimi bir kollektiv qurmuşduq. İkincisi, bizim hakimiyyətə yaxın bir qəzet olmağımız heç kimə sirr deyildi. Azərbaycan hakimiyyətinin siyasi müdafiəsinin həyata keçirilməsində kifayyət qədər peşəkar və çevik çalışırdıq.

– Sizin qəzeti kim oxuyurdu ki, hakimiyyəti də peşəkar və çevik şəkildə müdafiə eləyəsiniz?
– Mən "Teleqraf Holdinq"ə gələndə özümə üç söz vermişdim. Bu sözümə də axıra kimi əməl elədim. Birincisi, maliyyə işlərinə heç bir halda qarışmayacam. İkincisi, holdinqə qulaqlarımı tıxıyıb gedirdim ki, dedi-qodulardan uzaq olum. Üçüncüsü, ancaq boynuma götürdüyüm işlə məşğul olacam. Bu mənada mənim işim qəzetdə yaradıcılıq sahəsi idi. Daha bu qəzet harada yayılır, yoxsa yayılmır, satılıb-satılmır, oxunub-oxunmur, bunlar mənim problemim deyildi.

– Bəs kimin problemi idi?
– Buna görə maaş alan ayrı adamlar var.

– Deyirlər, kişidən maaş soruşmazlar, amma son günlər mətbuata verdiyiniz açıqlamalardan sonra bir sualı verməkdə problem görmürəm. Sirr deyilsə nə qədər maaş alırdınız?
– Mənə görə sirr deyil, amma bir holdinqdən çıxmışamsa o demək deyil ki, onun kommersiya sirlərini aça bilərəm. Bunu həm də etik baxımdan, həm də şirkət ənənələri baxımından düzgün hesab etmirəm.

– Bəs qəzet bağlanandan sonra saytda qalıb işləməyiniz üçün nə qədər maaş təklif olundu?
– Bunu da açıqlamaq düzgün deyil.

– Ayda nə qədər kredit ödəyirsiniz?
– Yox, onu da deyə bilmərəm.

– Bayaq dediniz ki, təklif olunan maaş 670 dollar kredit borcumu ödəmir. Deməli...
– Yox, yox... Elə rəqəm deməmişəm. (gülür)

– Belə bir təəssürat vardı ki, siz "Teleqraf Holdinq" üçün önəmli bir fiqur və vacib kadrsınız...
– Mən Aynur xanımı uzun müddətdir tanıyıram. Millət vəkili olanda da, holdiq rəhbəri olanda da ona qarşı aqressiya olub. Mən bu aqresiyyanın qarşısına çıxıb həmişə öz sözümü demişəm, sinəmi və yaxamı qırağa çəkməmişəm. Ola bilsin, sizin dediyiniz rəyin yaranmasına səbəb bu şeylər olsun.

– Vacib bir kadra 10 manat artıq maaş verilə bilməzdimi?
– Bu günə kimi mənə istədiyim maaş verilirdi, canla-başla işləyirdim, bu gün isə problemlər yaranıb, Aynur xanım öz iradəsindən asılı olmayaraq, mənim redaktoru olduğum qəzet bağlandı. Bu ümumi bir problemdi və mövcud problemin içində Aynur xanımın mənə təklif elədiyi maaşla razılaşmadım. Çünki qane eləmədi, buna görə orada işləmək istəmədim və ayrıldım. Mənim Aynur xanımla heç bir problemim yoxdu, kifayət qədər yaxşı münasibətlərimiz olub, var və düşünürəm ki, sabah da olacaq. Hesab eləyirəm ki, biz bir-birimizə yenə də kifayət qədər dəstək verəcəyik.

– Belə çıxır ki, işlədiyiniz holdinqin rəhbərini yaxşı maaşa görə müdafiə eləyirdiniz? Bəs birlik, dostluq, əməkdaşlıq, sinənizi irəli verdiyiniz günlər hara getdi?
– Tamamilə haqlısınız. Amma bir şey deyim. Təbii ki, hər şey madiyyata bağlı deyil. Sadəcə, mənə təklif olunan maaş kreditimi ödəmir. Məcbur olub gedib hardasa işləməliydim. Belə olduqda isə holdinqin boynuna yük olmaq istəmədim. Mənim də problemlərim var, yeməliyəm , içməliyəm, işə gedib-gəlməliyəm, uşaqlarımı saxlamalıyam...



– Bəs necə oldu ki, təklif olunan maaş eyni holdinqdə digər baş redaktorları qane etdi, sizə bəs eləmədi?..
– Bayaq da dedim, ora gedəndə özümə söz verdim ki, maliyyə məsələlərinə qarışmayacam. Ona görə də heç vaxt bilməmişəm ki, digər redaktorlar nə qədər maaş alır... Doğrudan da bilmirəm və bilmədiyimə görə də bu mövzuda hər hansı fikir səsləndirməyim düzgün deyil.

– Açıqlamanızda siyasi hakimiyyətə müraciətlə bir söz işlətmişdiniz. Demişdiniz ki, potesialımı nəsərə alıb mənə iş verməyinizi xahiş edirəm. Mənim üçün maraqlıdır, potensial deyəndə nəyi nəzərdə tutursunuz?
– Baxın, bir jurnalistin yaranmasına və formalaşmasına dövlət yüz minlərlə pul xərcləyir. Yəni mənə dərs deyən müəllimlərim orta məktəbdə, universitetdə dövlətdən maaş alıbmı? Düzdü?

– Aha...
– Və bu gün dövlətin xərclərini bir vətəndaş olaraq doğruldan adamlardan biri mənəm. Yəni dövlət büdcəsindən mənə çəkilən xərc özünü doğruldub. İndi mən işsiz-gücsüz qalanda belə çıxır ki, dövlətin illərlə mənim yetişməyimə, formalaşmağıma sərf etdiyi vəsait reallaşmır, dövriyyədən çıxır. Belə hesab edirəm ki, mən dövriyyədən çıxacaq adam deyiləm. (gülür)

– Niyə belə hesab eləyirsiniz?
– İstənilən zaman hadisə də yarada bilirəm, istənilən zaman araşdırmalarımı ortaya qoya bilirəm, qarşımdakı kütlənin aqressiyasına baxmadan siyasi hakimiyyətin müdafiəsində çıxıb öz sözümü deyə bilən adamam və yəqin ki, yenə deyəcəm. Potensial deyəndə bunu nəzərdə tuturdum. Mənim siyasi, analitik hazırlığım, menecerlik qabiliyyətim, xalqla, media ilə işləmək vərdişlərim var... Hesab edirəm ki, dövlətin qarşısında mənəvi borclarım da var, mən o borcları ödəmək istəyirəm. Düşünürəm ki, cəmiyyətdə əziyyət çəkmiş, dişi-dırnağı ilə bir yerə gəlib çıxmış adamlara artıq yaşıl işıq yandırılmalıdır. Mən 1977-ci ildə anadan olmuşam. Mənim tay-tuşlarım artıq nazirdir. Artıq zaman bu adamların önə çıxmasına şərait yaradıb...

– Axı sizin də qarşınızda xeyli yaşıl işıq yandırılıb. Jurnalistlər üçün tikilən binada sizə ev verdilər, 4 il "Gündəlik Teleqraf" qəzetində yüksək maaşla işlədiniz, altınızda gözəl bir maşınınız var... Bunları yaşıl işıq hesab eləmirsinizmi?
– Mən halallığı və dürüstlüyü ön planda götürən bir adamam. Əlbəttə, hamısına görə təşəkkür edirəm, mənim heç bir sorunum yoxdur.

– İnanırsınız ki, iş istəməyinizin bir nəticəsi olacaq?
– Vallah, mən iş istəməmişəm, iş axtarıram. İş axtarmaq istər etik baxımdan, istər də normal münasibətlər baxımdan problemi bir şey deyil. İşsiz adam iş axtarar. Ən azı bayramı yola verməyə beş-üç manatımız var. Bəs sonra necə olacaq?

– Qoz-fındıq almağa pulunuz var?
– Hə, var. (gülür) Amma bayramdan sonra neyləyəcəm?

– Taleh bəy, ixtisasınız nədir?
– Mən Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirmişəm. İxtisasım sosial fəlsəfə tarixidir. Mənə həm sosioloq, həm fəlsəfəşünas, həm də tarixçi demək olar.

– Sizi tarixi romanlara çəkən nədi? Birinci əsəriniz "Canlanma" da tarixi əsər idi, ikinci romanınızı da tarixi mövzuda yazırsınız...
– Mən Respublika Tarix liseyini qurtarmışam. Bu lisey BDU-nun tarix fakültəsinin nəzdində açılmışdı. Bu liseyin əsas özəlliyi ondan ibarət idi ki, orda orta məktəb dərsliyi keçilmirdi, mən 8, 9, 10-cu siniflərdə universitetin üçüncü kursa qədərki proqramını oxuyub öyrənmişdim. Onu da deyim ki, üç xarici dil keçmişəm.

Azərbaycanda tarixi meta-roman ədəbi çeşidini ilk dəfə mən ortaya qoymuşam. Çox sevindirici haldır ki, məndən sonra bu ənənə davam eləməyə meyllidir. Məsələn, Cəlil Cavanşirin bir romanı var, həmin üsluba üstünlük verib. Qan Turalının "Fələk qırmancı" əsəri tipik meta-romandır. Yəni ilk baxışda hamı qəribə qarşılayırdı ki, roman nədir, meta-roman nədi? Artıq qəribə qarşılanmır, hətta bir tendensiyaya çevrilib. Bu yolun əsasını qoyduğum üçün təbii ki, sevinirəm. İkinci romanım yenə tarixi meta-roman janrında olacaq.



– Elmi iş müdafiə eləmisiniz?
– Yox... Bu da ondan irəli gəlirdi ki, maddi problemlərim var idi, ona görə də jurnalistika sahəsində işləməyə daha çox üstünlük verdim. Biz velosiped kimi bir şeyik, aşanda dayanmaq məsələsi var. Amma son zamanlar müdafiə eləmək haqqında düşünürəm.

– Bayaq dediniz ki, 4 il işlədiyim holdinq haqqında pis şeylər danışmağım etik deyil, özümə yaraşdırmıram. Təbii ki, holdinq səviyyəsində etik davranışınız gözəldi. Bəs niyə bu nümunəvi addımı ümumi ictimai məsələlərdə qoruyub saxlamırsınız?
– Tamam, tamam, tamam... Anladım. Mən 18 yaşımda jurnalist fəaliyyəti göstərirəm. O dövrün ictimai-siyasi burulğaının, ab-havasını duyan bir gənc kimi yaxşı bir komandayla parlayan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmağım, daha sonra həmin partiyanın rəhbərliyində təmsil olunmağım çox normal bir iş idi və mənə böyük perspektiv vəd edirdi. Sonra isə...

Bir şey deyim. Tutaq ki, mən mövqeyimi dəyişdim, Əli Kərimlinin yanından getdim, mən pisəm, mən axmağın, yaramazın yekəsiyəm... Bəs bunun nazirləri hanı, icra başçıları hanı, bunun millət vəkilləri hanı? Mən pisəm, bəs onlar niyə Əli Kərimlidən uzaqlaşır? Bu adamların heç biri Əli Kərimlinin yanında qalmayıb, mən niyə qalmalıyam? Mən niyə Natiq Ədilovla bir yerdə olmalıyam? Səmimi deyirəm, bu adamlarla bir yerdə olmağı özümə rəva bilmirəm.

– Əli Kərimli ilə bir yerdə olmağı özünüzə rəva bilmirsiniz, "Teleqraf Holdinq"də olmağı özünüzə rəva bilmirsiniz... Bəs axırınız necə olacaq, niyə özünüzə bir yer tapa bilmirsiniz?
– Niyə ki, qardaş? Mən 4 il gecəmi-gündüzümü "Teleqraf Holdinq"ə vermişəm... Hamıdan çox əziyyət çəkmişəm, yuxusuz qalmışam. Orda sıfırdan adamlar götürüb bu gün Azərbaycanın ən yaxşı jurnalistləri çərçivəsində yetişdirmişəm.

– Taleh bəy, sizi istifadə olunmuş fiqur hesab eləyənlər də var. Belə bir imicinizdən narahat deyilsiniz ki?
– Məndən kim istifadə eləyib, məsələn?

– Bayaq özünüz dediyiniz kimi, yeri gəldi-gəlmədi mövqeyinizi açıq şəkildə ortaya qoymuş, lazım olanda da, olmayanda da sinənizi irəli vermiş, gələcəyiniz üçün heç bir ehtiyat baza saxlamamış, nə lazımdısa artıqlaması ilə demiş, danışmış...
– Mən səmimi adamam, düşündüyümü deyən adamam. Bu gün düşünürəmsə cənab prezident Azərbaycan cəmiyyəti və dövlətçiliyi üçün, dövlətimizin daha böyük hədəflərə yürüməsi üçün ən uğurlu liderdir, bunu açıq deyəcəm. Bunu həm deyim, həm də özümə ayaq yeri saxlayım, kimlərləsə münasibətlərimi pozmamağa çalışım - bunu öz xarakterimə və dünyagörüşümə uyğun saymıram. Mənim üçün Azərbaycanın müstəqilliyi, dövlət kimi varlığı əsas məsələdir. Mən özümü xeyli dərəcədə idealist adam sayıram. Öz dövlətim üçün zərərli gördüyüm tendensiyalara qarşı öz sözümü deməyəcəm ki, kimsə deyəcək, Taleh Şahsuvarlıdan istifadə eləyirlər?

– "APA Holdinq"də iş təklif olsa dəyərləndirərsiniz?
– Düşünürəm ki, artıq "Teleqraf Holdinq"dən kənarda olduğuma görə bəzi məsələləri açıq və səmimi şəkildə deyə bilərəm...

– Əvvəl fikrinizi açıq və səmimi deyə bilmirdiniz ki?
– Mənim Vüsalə Mahirıqızı ilə şəxsi, ictimai, sosial palanda heç bir konfliktim olmayıb. Vüsalə xanım bəlli bir yerə çatıb deyə, bəlli bir uğura imza atıb deyə, böyük bir şirkət qurub deyə ona da qarşı xeyli dərəcədə aqressiya var. Mən ona qarşı bu aqressiyanı bölüşmürəm və qəbul eləmirəm. Orda mənim dostlarım çalışır. Qabil Abbasoğlu və başqaları... Mən "APA Holdinq"də ixtisarların olmamasını, layihələrinin davam eləməsini səmimi şəkildə arzu edirəm. Mən heç vaxt APA-nın üstünə qılınc sıyırmamışam. O ki qaldı "APA Holdinq"də işləmək məsələsinə, belə elə bir təklifin olacağını güman etmirəm...

– Doğrudan deputat olacağınıza inanırdınız?
– Mən deputat olmağı arzulayırdım. Və bu gün də hesab eləyirəm ki, Azərbaycan parlamentindəki 125 deputatdan bir xeylisinin orda oturmağa mənəvi haqqı yoxdu. Çünki xalqla işləyə bilmirlər. Ya xalq, ya da dövlətə səmimiyyətləri yerində deyil. Amma hesab eləyirdim ki, mən yaxşı millət vəkili olacam. Çox təəssüf ki, qismət olmadı.

– Milli Məclisin üzvü Aytən Mustafayeva ilə aranızda problem olmuşdu. Deyəsən, Aytən xanımdan üzr istədiniz...
– Yox, üzr istəmədim... Çünki üzr istəməyə bir əsas da yox idi.

– Axı sizi məhkəməyə vermişdi. Məhkəmənin axırı nə oldu?
– Mən bildiyim qədərilə Aytən xanım şikayətini geri götürüb.

– Taleh bəy, niyə işsizliyinizlə bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova açıq məktub yazmırsınız? Bəlkə sizə kömək eləyər. Heç ağlınızdan keçməyibmi?
– Belə bir şey təbii ki, ağlımdan keçməyib. Çünki ağlımdan keçməsi o qədər rasional və sağlam fikir olmazdı. Bilirsiniz ki, Kəmaləddin Heydərovun yaradıcı tərəfləri var. Sözləri Baba Vəziroğlunun, musiqisi Kamal müəllimin olan və Alim Qasımovun oxuduğu "Qalanı xatirədir" çox sanballı bir əsərdir. Amma mən həyatım boyu Kəmaləddin Heydərovu görməmişəm, heç tədbirlərdə də onunla rastaşmamışam. Şəxsən tanımadığım və ərkim çatmadığı bir nazirə açıq məktub yazmağı düzgün hesab eləmirəm.

– Axı 5-6 il bundan qabaq Kəmaləddin müəllimə açıq məktub yazmışdınız, onunla pivə içmək istədiyinizi demişdiniz. Ərk deyil bu?
– Yox, məktub yazmamışdım. O vaxt "Reytinq" qəzetində bir yazım çıxmışdı. Orda da vurğulanırdı ki, Kəmaləddin Heydərov hər zaman media mənsublarına diqqət göstərir.

– Necə diqqət göstərir?
– Məsələn, Azərbaycanın ayrı-ayrı icra başçıları, nazirləri, məmurları jurnalistləri dəfələrlə məhkəməyə verib. Azərbaycanda ən çox tənqid olunan, eyni zamanda çoxlu sayda heç bir əsası və ciddiyəti olmayan materiallarla ən çox üzərinə gedilən adamlardan biri Kəmaləddin Heydərovdur. Buna baxmayaraq heç bir jurnalisti məhkəməyə verməyib. Elə məhkəməyə verməməsini həmin yazımda təqdir eləmişdim, demişdim ki, bu şeylər onun tənqidə dözümünü göstərir.

– Sizin işlə təmin olunmağınız üçün yollar fikirləşirəm, ona görə variantlarımı təklif edirəm. Birdən nazir sizin alternativ holdinqdə işləməyinizi məsləhət gördü...
– Vallah, mən hesab eləmirəm ki, Kəmaləddin müəllim media sektorunda bu və ya digər məsələlərə müdaxilə eləyir. Kəmaləddin Heydərovun mediaya nə dəxili var, anlamıram.

– Bayaqdan danışırsınız, səsiniz niyə titrəyir?
– Yox, yox... Mənim səs tempim belədi.

– Bəs niyə həyəcanlısınız?
– Yox, yox... Vallah, mən həyəcanlı deyiləm.

– Axı qızarmısınız...
– Otaq istidi. (gülür)



Kəramət Böyükçöl
AzNews.az