Maşın beton dirəyə çırpıldı - Ölən və yaralananlar var

20 Mart 2016 21:38 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Həşim Ələddin oğlu Həşimovun idarə etdiyi "KİA" markalı mink avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və beton dirəyə çırpılıb. Güclü zərbədən sürücü daxil olmaqla avtomobilin sərnişinləri Tələt Ağayev və Fərhad Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılara müvafiq tibbi yardım göstərilib, lakin onlardan Fərhad Mirzəyev bir müddət sonra dünyasını dəyişib. Digər yaralıların vəziyyəti isə orta-ağır qiymətləndirilir.

İlkin versiya kimi qəzanın avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avto-texniki ekspertizanın verəcəyi yekun rəyindən sonra məlum olacaq.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılr.